Trampın yarpızı və İran yuvası | Ədalət Verdiyevin şərhi
Hələ də göyü açıq olan İranın molla məntiqli generalı Cavanidən soruşmaq istərdim: ABŞ təyyarələrinə zenit raketləri ilə cavab verməyə nəyiniz çatmadı? Sərhədinizdə müsəlman ölkəsi olan qalib, məğrur və ləyaqətli Azərbaycanı görmək istəmədiniz, indi buyurun, Sizi hər addımda "iynəsinin ucunda saxlayan" ABŞ ilə daha yaxından tanış olun, "Çarlinin mələkləri" ilə qucaqlaşın. Bu təmasdan və bir öpüş məsafəsi qədər yaxınlıqdan ağrı hiss etsəniz, şikayət və təkliflərinizi Trampa göndərin, müsbət nəticə olmasa, başınıza gələndən həzz almağa çalışın.
Cavanilər, vilayətilər, sübhanilər nə etsələr də, TURAN karvanı yolu ilə edir. Azərbaycanın, Türkiyənin və ABŞ-nin imza atdığı, İran ilə Rusiyadan başqa demək olar ki, bütün dünyanın dəstəklədiyi layihənin həyata keçirilməsinin qarşısını almaq mümkün deyil. Zəngəzur dəhlizi sadəcə nəqliyyat xətti deyil. Türkiyəni birbaşa Azərbaycan, Mərkəzi Asiya və Çinə bağlayan, türk dünyasını vahid strateji məkan halına gətirən meqalayihədir. Bu dəhliz həm də tarixi torpaqlarımıza qayıdışın ilk mərhələsidir. Layihənin əsas məqsədi parçalanan türk dünyasını birləşdirməkdən ibarətdir. ABŞ Bakı ilə İrəvanın ortaq razılığı ilə İranın Ermənistanla şimal sərhədlərində yerləşməyə başlayıb. Burada infrastruktur və inkişaf layihələrini həyata keçirməyə hazırlaşır. Yaxın gələcəkdə İran generalları və siyasətçi mollaları "Tramp Planı"nı izləyəcəklər. Onlar bu prosesin qarşısını almaq potensialından tamamilə məhrumdurlar.
İran generallarının və molla rejiminin türk düşmənçiliyi üzərindən həyata keçirilən məntiqsiz fəaliyyətləri bu gün anti-islam respublikasının milli maraqlarına və təhlükəsizliyinə ciddi ziyan vurur. Məhz İranın təhriki ilə Ermənistan Vətən Müharibəsindəki məğlubiyyətindən sonra çoxlu utopik təkliflərlə çıxış edirdi. Amma onların heç biri, o cümlədən də Zəngəzur dəhlizinə alternativ olan "Sülh Kəsişməsi" Azərbaycan tərəfindən müzakirə belə olunmadı. Ümumilikdə isə Ermənistan İran kimi havadarlarının “köməyi” ilə 4 dəfə kapitulyasiya aktına imza atdı. İndi isə anlayır ki, onun üçün mühüm əhəmiyyət kəsb edən sülhün əldə edilməsi üçün İran, Fransa və ya Rusiya ilə deyil, vaxt itirmədən Azərbaycan, Türkiyə və ABŞ ilə əməkdaşlıq etməlidir. Ermənistanın təhlükəsizlik zəmanəti Azərbaycanın əlindədir. Paşinyan Azərbaycan ilə əməkdaşlıq edənlərin rifah, təhlükəsizlik və inkişaf əldə etdiklərini görür.
İran ehtiyat edir ki, Ermənistan orta perspektivdə Ukrayna kimi Türk Dövlətləri Təşkilatına üzvlük barədə düşünə bilər. Buna görə də İran rejimi Azərbaycan ilə razılaşma əldə edən kimi Ermənistanı da təhdid etməyə başladı. Bu bir daha göstərir ki, İran rejimi regionda sülhün əldə edilməsində maraqlı olmayıb. Ermənistanla əməkdaşlıq mollalara yalnız şəxsi ambisiyalarını, o cümlədən, antitürk siyasətini həyata keçirmək üçün lazım idi. İndi isə bütün bu cəhdlər uğursuzluğa düçar oldu. Yarpız gəlib ilanın yuvasının ağzında bitdi. Fars rejiminin qeyri-konstruktivliyi nəticəsində İran sərhədinin cəmi 100 metrliyində "Tramp Yolu" inşa edilir.
Son illər ərzində Rusiya da qonşulara qarşı düşmən münasibət göstərib. Nəticədə NATO ilə sərhədləri iki dəfə artıb. Cavani və digər boşboğaz İran generalları Rusiya nümunəsini və ya Azərbaycanın xarici siyasətdə atdığı uğurlu addımları öyrənmək əvəzinə mənasız bəyanatlar verib özlərini biabır edirlər. Əgər SEPAH-ın cəsarəti varsa, “Tramp yolu”nun əleyhinə bir dənə real hərbi addım atsın. Ondan sonra şair demişkən, “gəl, bax guppultuya!” Əminəm ki, İran “Tramp yolu”nun əleyhinə bir dənə də real hərbi addım atmayacaq. Çünki, vuran oğul dayısından məsləhət almır.
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün
Teqlər: Zəngəzur İran ABŞ Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


