Qarabağ müharibəsi başlaya bilər – Türk mətbuatı

Qarabağ müharibəsi başlaya bilər – Türk mətbuatı
  06 Avqust 2014    Oxunub:7225
Qardaş Türkiyə mediası son günlər cəbhə xəttində baş verən hadisələri yaxından izləyir. Demək olar ki, hər gün Türkiyə KİV-ləri təmas xəttindən ən son hadisələri oxuculara çatdırır, bu istiqamətdə mövqeyini ortaya qoymaqla Azərbaycana dəstək olduğunu nümayiş etdirir.

AzVision.az-ın məlumatına görə, Azərbaycan-Ermənistan münasibətlərini yaxından izləyən türk diplomatlar hesab edirlər ki, iyulun 31-dən indiyə kimi cəbhə bölgəsində yaşanan qanlı olayların böyüməsində Azərbaycan tərəfi bir o qədər də maraqlı deyil.

Türk analitiklərin fikrincə, Ermənistanla sərhəddə gərginliyin artmasında rəsmi Bakının günahı və marağı yoxdur. Əksinə, bu daha çox iqtisadi və siyasi iflas ərəfəsində olan Sarkisyan hakimiyyətinin hazırladığı planlı ssenaridir. Məqsəd isə aclıq və səfalət içində olan ermənilərin diqqətini cəbhə xəttinə yönəltməklə siyasi səriştəsizliyi ört-basdır etməkdir.

Türk mediasında yer alan analitik hazıda qeyd olunur ki, atışmaların baş verdiyi ərazilər Azərbaycana məxsus torpaqlardır. Bu torpaqların Azərbaycana məxsus olduğunu beynəlxalq birlik qəbul edir. Odur ki, Azərbaycanın lazım gələrsə ermənilərə silah qaldırmaq haqqı var.

Türk diplomatik qaynaqları hesab edir ki, cəbhədə vəziyyətin getdikcə gərginləşməsinə baxmayaraq, Azərbaycan tərəfi münaqişənin hələ də sülh yolu ilə həllinə tərəfdardır. Ancaq prezident İlham Əliyevin də dediyi kimi “Azərbaycan torpaqları sonsuza qədər erməni işğalında qala bilməz” deyə türk diplomatlar Azərbaycan prezidentindən sitat gətiriblər.

Analitiklər hesab edirlər ki, Qarabağın müharibə yolu ilə azad edilməsi günü-gündən iqtisadiyyatı inkişaf edən Azərbaycan üçün əlverişli variant deyil. Azərbaycan daha çox iqtisadiyyatını gücləndirməklə düşmən üzərində qələbə qazana bilər. Türkiyə tərəfi Azərbaycanla Ermənistan arasında müharibə variantını da ehtimal edir. İddia edilir ki, ermənilər qeyri-konstruktiv mövqedən əl çəkməzsə Azərbaycan sonuncu varitant kimi müharibəyə başlaya bilər. Türk siyasilər hesab edirlər ki, müharibə başlayarsa Azərbaycan asanlıqda Qarabağı azad edə bilər.



Türkiyə mediası Azərbaycan və Ermənistan prezidentlərinin bu həftə Soçidə nəzərdə tutulan görüşünə də münasibət bildirib.
Qardaş ölkə mediası hesab edir ki, Soçi görüşünə əsas “silahlar” Rusiya prezidenti Vladimir Putinin əlində olacaq. Ehtimal ki, Putin tərəfləri sülhə çağıraraq vəziyyəti dəyişmək üçün əlindən gələni edəcək. Bildirilir ki, rəsmi Moskva son hadisələrdən olduqca narahat görünür.

AzVision.az


Teqlər:  





Xəbər lenti