Niyə hərbi bazada? Tarixi görüşün keçirildiyi yerin tarixi

      Niyə hərbi bazada?    Tarixi görüşün keçirildiyi yerin tarixi
  15 Avqust 2025    Oxunub:1445
Ankoricdə (Alyaska) Putin-Tramp görüşünün keçiriləcəyi Elmendorf-Riçardson hərbi bazası ABŞ-nin vacib strateji obyektlərindən sayılır. 1945-ci ildə qurulan bazanın sahəsi 25900 hektardır. Ərazisində 800-dən çox müxtəlif təyinatlı tikili, iki uçuş-eniş zolağı, 241 km. yollar var.
“Vaşinqton Post” yazır ki, bazada ABŞ ordusunun Hava Hücumundan Müdafiə qüvvələrinin hissələri və raket hücumundan erkən xəbərdarlıq sistemləri yerləşdirilib.

İkinci Dünya müharibəsi zamanı bazadan yüklərin daşınması üçün vacib logistika məntəqəsi kimi istifadə olunub. Soyuq Müharibə dövründə isə Şimali Amerikanın hava-kosmik hücumlardan qorunması sisteminin vacib halqası olub. Həmin illərdə baza “Şimali Amerikanın müdafiəsi” devizi ilə fəaliyyət göstərib.

Hazırda Arktika ərazizisində xilasetmə və digər əməliyyatlar keçirmək lazım gələndə Elmendorf-Riçardson hərbi bazasının imkanlarından istifadə edilir.

Dünyadan müəyyən mənada təcrid olunması bazanın təhlükəsizliyini artırır, yaşayış məntəqələrindən uzada yerləşməsi isə onun ətrafında kütləvi aksiyaların keçirilməsini istisna edir. Görüş yeri kimi seçilməsinin səbəblərindən biri də məhz budur.

Elmendorf-Riçardson hərbi bazasının saxlanmasına hər il 400 milyon dollara yaxın vəsait sərf olunur. Bunun 316 milyon dolları oradakı şəxsi heyətin əməkhaqqılarına, 70 milyon dollar isə infrastrukturun saxlanmasına sərf olunur.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti