Maduro ABŞ qoşunları ilə şəxsən döyüşməyə hazırdır | VİDEO

   Maduro ABŞ qoşunları ilə şəxsən döyüşməyə hazırdır    | VİDEO
  19 Avqust 2025    Oxunub:671
Venesuela prezidenti Nikolas Maduro Vaşinqtonun “absurd təhdidlərinə” cavab olaraq ölkə daxilində 4,5 milyon silahlı milisi səfərbər edəcəyini bildirib.
AzVision.az xəbər verir ki, Maduronun bəyanatına səbəb səbəb ABŞ-nin Venesuela prezidentinin həbsinə görə mükafatı 50 milyon dollara çatdırmaq və Karib hövzəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə əməliyyatlarını gücləndirmək qərarı olub.

Maduronun son iki prezidentlik qələbəsini tanımayan Vaşinqton onun kokain ticarəti ilə məşğul olan “Günəşlər kartelinə” (Cartel de los Soles) rəhbərlik etdiyini bildirir. Ötən ay ABŞ bu qruplaşmaya və Maduro administrasiyasına qarşı sanksiyalar tətbiq edib.

ABŞ prezidenti Donald Tramp həmçinin orduya Latın Amerikasında narkotik kartelləri ilə mübarizəni gücləndirmək əmrini verib. Media resurslarının məlumatına görə, Amerikaya məxsus bir neçə hərbi gəmi Karib dənizinin cənubuna göndərilib. “Reuters” agentliyinin mənbələri ABŞ Hərbi Dəniz qüvvələrinin (HDQ) üç esminesinin tezliklə Venesuela sahillərində peyda olacağını bildirib.

“Əməliyyat bir neçə ay davam edəcək. Amerika qüvvələri beynəlxalq sularda və hava məkanında fəaliyyət göstərəcək. Dəniz donanması kəşfiyyat və müşahidə ilə yanaşı, qərar qəbul edilərsə, dəqiq zərbələr üçün platforma kimi də istifadə oluna bilər”, - mənbələrə istinad edən “Reuters” agentliyi yazır.

Vaşinqtonun qərarına cavab olaraq Venesuela prezidenti Nikolas Maduro bildirib ki, ölkə “dənizlərini, səmasını və qurusunu müdafiə etmək” niyyətindədir. Xarici mediada yayımlanan kadrlarda Maduronun bir qrup hərbçinin başında yürüş etdiyi görünür.




Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Venesuela   qarşıdurma  



Xəbər lenti