Nağdsız ödənişlərin həcmi artıb

Nağdsız ödənişlərin həcmi artıb
  30 Avqust 2025    Oxunub:1354
Bu ilin iyul ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% artaraq – 8 milyard 753 milyon manat təşkil edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 629 milyon manatı (87,2%) elektron ticarətin payına düşüb.

Ödənişlərin 1 milyard 120 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,1%-ni təşkil edib.

Avqustun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 20 milyon 913 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,3%, ilin əvvəli ilə müqayisədə 5,1%, ötən ilin eyni dövrünə nisbətən 14% çoxdur.

Son 1 ildə ölkədə debet kartlarının sayı 17,05% artaraq 18,79 milyon, kredit kartlarının sayı isə 7,1% azalaraq 2,123 milyon olub. İyulda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,525 milyard manat (illik müqayisədə 14,8% çox) və 806 milyon manat (4,1% çox) təşkil edib.

Hesabat dövründə ölkədə bankomatların sayı 8,3%, POS-terminalların sayı isə 48,7% artaraq müvafiq olaraq 3 442 ədəd (Bakı üzrə 1 847 ədəd) və 147 478 ədəd (Bakı üzrə 90 791 ədəd) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.

AzVision.az


Teqlər: Mərkəzi-Bank  



Xəbər lenti