Rusiya İranda AES-lər tikəcək

   Rusiya İranda AES-lər tikəcək
  24 Sentyabr 2025    Oxunub:853
Moskva və Tehran İranda kiçik atom elektrik stansiyalarının (AES) tikintisinə dair anlaşma memorandumu imzalayıblar.
Bu barədə Rusiyanın Atom Enerjisi üzrə Dövlət Şirkəti ("Rosatom") mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, memorandumu Moskva tərəfindən "Rosatom"un Baş direktoru Aleksey Lixaçev, Tehrandan isə İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami imzalayıblar.

Moskva şəhərində baş tutan mərasimdə Aleksey Lixaçev bu memorandumu "strateji layihə" adlandırıb. Tərəflər iki ölkə arasında cari layihələr, habelə nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq ətrafında müzakirələr aparıblar.

Məhəmməd İslami hələ bu həftənin əvvəlində yerli mətbuata müsahibəsində söyləmişdi ki, Tehran 2040-cı ilədək nüvə enerjisi gücünü 20 GVt-a çatdırmaq məqsədilə 8 AES tikmək niyyətindədir. Yüksək tələbatlı aylarda elektrik enerjisi çatışmazlığından əziyyət çəkən İranda yalnız bir AES var. Ölkənin cənubundakı Buşəhr şəhərində yerləşən 1 GVt gücə malik həmin stansiya da məhz Rusiyanın dəstəyi ilə ərsəyə gətirilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   İran   atom   stansiya  



Xəbər lenti