Londonda minlərlə uşağın məlumatları oğurlanıb

   Londonda minlərlə uşağın məlumatları oğurlanıb
  29 Sentyabr 2025    Oxunub:598
Britaniyanın paytaxtı London şəhərində yerləşən "Kido" adlı bağçadakı 8 min uşağın şəxsi məlumatları: adları, ünvanları və fotoşəkilləri kibercinayətkarlar tərəfindən ələ keçirilib.
ABŞ-nin "CNN" telekanalının yerli mənbəyə istinadən yaydığı məlumata əsasən, cinayətkarlar həmin məlumatların bir hissəsini artıq "darkveb"ə yerləşdiriblər. Onlar məlumatları silməyin qarşılığında bağçadan külli miqdarda pul istəyirlər. Bildirilib ki, London polisinin kibercinayətlə mübarizə şöbəsi hazırda intensiv təhqiqat aparmaqdadır, ancaq hadisə ilə əlaqədar hələlik saxlanılan yoxdur.

"Kibercinayətkarlar pul qoparmaq üçün artıq hamıya hücum çəkir. Uşaqları, onlara qayğı göstərənləri hədəfə almaq isə xüsusilə alçaq hərəkətdir. Bu çox dəhşətli hadisədir", – Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzinin direktoru Conaton Ellison söyləyib.

Telekanal diqqətə çatdırır ki, bağçadakı uşaqların valideynləri də hadisədən çox narazıdırlar. Onlar uşaqlara aid məlumatların hansı məqsədlə ələ keçirildiyini anlamaqda çətinlik çəkirlər. Kibertəhlükəsizlik mütəxəssislərinin sözlərinə görə, həmin məlumatlar ailələri izləmək, qorxutmaq, hətta onlara hücum çəkmək üçün işlədilə bilər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   bağça   uşaq   kiberhücum  



Xəbər lenti