WSJ: “Kiyev Rusiyanın dərinliklərini vura biləcək”

      WSJ:    “Kiyev Rusiyanın dərinliklərini vura biləcək”
  02 Oktyabr 2025    Oxunub:893
Tramp administrasiyası Rusiyanın sərhəddən uzaqda yerləşən enerji infrastruktur obyektlərinə qarşı uzaqmənzilli raket zərbələri üçün kəşfiyyat məlumatlarını Ukraynaya ötürməyə razılaşıb.
AzVision.az xəbər verir ki, adı açıqlanmayan amerikalı məmurlara istinad edən “Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb. Nəşrin yazdığına görə, bu addım Ağ Ev administrasiyasının Ukraynanı uzaqmənzilli silahlarla təmin etməyi nəzərdən keçirməsi fonunda atılıb.

“Reuters” agentliyi əslində Vaşinqtonun uzun müddətdir ki, Kiyevlə kəşfiyyat məlumatlarını bölüşdüyünü bildirir. Bununla belə, “WSJ”-də dərc olunan materialda yeni reallığın Ukraynanın neft emalı zavodlarını, boru kəmərlərini, elektrik stansiyalarını və digər infrastrukturları hədəf almasını asanlaşdıracaq ki, beləliklə də, Kreml gəlirdən və neftdən məhrum olunacaq.

“ABŞ həmçinin NATO üzrə müttəfiqlərinə müraciətində onların da Ukraynaya analoji dəstək göstərmələrini xahiş edib. Donald Tramp bundan əvvəl Avropa ölkələrini Rusiya neftinin alınmasını tamamilə dayandırmağa çağırıb və Ağ Evin Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməsi üçün bunu şərt kimi qoyub”, - qəzet yazır.

Kelloq: “Tramp Rusiyaya zərbələrin əleyhinə deyil”
Nəşrin mənbələri ABŞ-nin Kiyevə “Tomaqavk”, “Barakuda” və Amerika istehsalı olan digər uzaqmənzilli raketləri də ötürməyi düşündüyünü iddia ediblər. Bununla belə, hansı konkret tədarüklərin təsdiqlənəcəyi barədə qərar hələ verilməyib.

Xatırladaq ki, sentyabrın 26-da diplomatik mənbələrə istinad edən Böyük Britaniyanın “The Telegraph” qəzeti Ukrayna prezidenti Volodimir Zelenskinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Amerika lideri Donald Trampla qapalı görüşdə ondan Kiyevə uzaqmənzilli “Tomaqavk” qanadlı raketləri verilməsini xahiş etdiyini yazmışdı.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov , öz növbəsində, Kremlin bu bəyanatlardan xəbərdar olduğunu və rusiyalı hərbi mütəxəssislıərin hadisələri diqqətlə izlədiyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Kiyev   kəşfiyyat  



Xəbər lenti