Makron: “Avropa Rusiya təhlükəsi ilə bağlı səhv edib”

      Makron:    “Avropa Rusiya təhlükəsi ilə bağlı səhv edib”
  02 Oktyabr 2025    Oxunub:785
Avropa “avropalılar üçün ən böyük struktur təhdidi” olan Rusiya təhlükəsini lazımınca qiymətləndirməyib.
AzVision.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Almaniyanın “Frankfurter Allgemeine Zeitung (FAZ)” nəşrinə müsahibəsində belə deyib.

“Rusiya kiberhücumlar yolu ilə seçkilərimizə qarışmalqa, müxalifət nümayəndələrini qətlə yetirməklə, miqrasiya axınından təzyiq vasitəsi kimi yararlanmaqla kollektiv təhlükəsizliyimizi təhdid edir. Rusiya bizim hava hücumundan müdafiə vasitələrimizi sınaqdan keçirir və nüvə doktrinasını dəyişib”, - Fransa lideri vurğulayıb.

Onun sözlərinə görə, Avropada rusların yalan məlumatlar, o cümlədən Fransada yataq biti infeksiyası ilə bağlı nağıllar yaymaqla ictimai rəyə nə dərəcədə təsir etdiyi lazımınca qiymətləndirilmir. Məhz bu baxımdan, Avropa ölkələrindəki açıq cəmiyyətlər informasiya müharibəsinə həssasdırlar:

- Demokratik ölkələrimizdə Rusiyanın gizli ordusunun intişarını görmürüksə, biz sadəlövhük. Bu ordu rəqəmsal botlar adlanan kiçik, simasız döyüşçülərdən ibarətdir. Onlar Fransa, Almaniya və Avropada demokratiya ilə manipulyasiya edirlər”, - Makron deyib.

O, Rusiyaya məxsus qırıcının Avropa hava məkanına icazəsiz müdaxiləsi halında vurulmasının tərəfdarı olub-olmaması ilə bağlı məəsləyə də aydınlıq gətirib.

“Strateji qeyri-müəyyənlik doktrinasına uyğun olaraq, sizə deyə bilərəm ki, heç nə istisna edilmir. Lakin Ukraynanın Qərb müttəfiqləri Moskvaya heç nə etməyəcəklərini söyləməkdən əl çəkməlidirlər. Bu, zəifliyin əlamətidir. Biz Putini qeyri-müəyyənlik vəziyyətində saxlamalıyıq”, - Fransa lideri iddia edib.

Makron, eyni zamanda, Rusiyaya qarşı sanksiyaların deyildiyindən daha yaxşı işlədiyini vurğulayıb. Bununla belə, onların daha da effektli olması üçün Qərb diqqətini Rusiyanın sanksiyalardan yayınan 800-ə yaxın aktiv gəmidən ibarət “kölgə donanmasına” yönəltməlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Rusiya   təhlükə  



Xəbər lenti