Fox News: “Rusiya təyyarələri NATO-da nifaq yaradıb”

  Fox News:    “Rusiya təyyarələri NATO-da nifaq yaradıb”
  02 Oktyabr 2025    Oxunub:1081
Rusiyanın MiQ-31 təyyarələrinin uçuşuna reaksiya ilə bağlı müzakirələr zamanı NATO-nun baş katibi Mark Rütte Estoniyanın baş naziri Kristen Mixala səsini qaldırıb.
AzVision.az xəbər verir ki, “Fox News” telekanalının məlumatına görə, mübahisə Estoniyanın Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələrə başlamasından sonra yaranıb. Bu maddə ittifaq üzvü özünün təhlükəsizliyinə təhlükə hiss etdiyi halda müzakirələrin aparılmasını nəzərdə tutur.

“Mark Rüttenin fikrincə, bu maddənin həddindən artıq istifadəsi müqavilənin əhəmiyyətini zəiflədə bilər. Bir mənbə isə bildirib ki, o, hətta Mixala səsini qaldırıb və həyəcan təbili çalmaqda diqqətli olması barədə xəbərdarlıq edib”, - telekanal vurğulayır.

NATO Rusiyaya xəbərdarlıq edib
Xatırladaq ki, hadisə sentyabrın 19-da Rusiyanın 3 MiQ-31 qırıcısının Vayndloo adası yaxınlığında icazəsiz Estoniya hava məkanına daxil olması zamanı baş verib. Pozuntu təxminən 12 dəqiqə davam edib, bundan sonra Rusiya təyyarəsi İtaliyanın F-35-ləri tərəfindən tutulub.

Daha sonra NATO-nun baş katibi vəziyyəti müzakirə etmək üçün Estoniyanın baş naziri ilə əlaqə saxlayıb, Tallin isə 4-cü maddə üzrə müttəfiqləri məsləhətləşmələrə dəvət edib.

Lakin Kreml Rusiya hərbçilərinə qarşı ittihamları kifayət qədər əsaslandırılmamış hesab edib. Rusiyanın Müdafiə nazirliyi heç bir pozuntu olmadığını, bu təyyarələrin Baltik dənizinin neytral suları üzərindən Vayndlo adasından 3 km-dən çox aralı məsafədə Kareliyadan Kalininqrad vilayətinə planlı uçuş kursundan yayınmadan hərəkət etdiklərini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   NATO   Estoniya   narazılıq  



Xəbər lenti