Ermənistan parlamenti Azərbaycanla sülhü dəstəkləyib

   Ermənistan parlamenti Azərbaycanla sülhü dəstəkləyib
  02 Oktyabr 2025    Oxunub:1233
Ermənistan parlamenti Azərbaycanla sülhün yaradılması ilə bağlı bəyanat qəbul edib. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının hazırladığı sənədi 64 deputat təsdiqləyib. Fraksiyanın iki üzvü bitərəf qalıb, müxalifət isə səsvermədə iştirak etməyib.
AzVision.az xəbər verir ki, “Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması haqqında” qəbul olunan bəyanatda Ermənistanın baş naziri və Azərbaycan prezidentinin ABŞ prezidenti ilə görüşündə imzaladığı birgə bəyannamənin dəstəkləndiyi vurğulanır.

Həmçinin, sülh müqaviləsinin paraflanması və iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması da müsbət qiymətləndirilir.

“Bu addım Ermənistanın suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qorunmasına, habelə qonşu dövlətlərin sərhədlərinin qarşılıqlı tanınmasının və dinc yanaşı yaşamanın ölkənin inkişafının əsası kimi vacibliyini dərk etməyə yönəlib”, - sənədin əsaslandırılmasında vurğulanır.

Ermənistan parlamenti, eyni zamanda, müxalifətdə olan “Ermənistan” blokunun parlament fraksiyasının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsini rədd edib.

Sözügedən qanun layihəsi Cinayət Məcəlləsinə dəyişiklik edilməsini nəzərdə tuturdu. Lakin hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan 58 deputat bunun əleyhinə çıxıb, fraksiyanın daha iki deputatı bitərəf qalıb. Sonda qanun layihəsini cəmi 26 deputat dəstəkləyib ki, bu da onun iflasını şərtləndirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Azərbaycan   sülh  



Xəbər lenti