Gürcüstanda yerli seçkilər keçirilir

Gürcüstanda yerli seçkilər keçirilir
  04 Oktyabr 2025    Oxunub:1213
Bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir. Səhər saat 8-də ölkə üzrə bütün seçki məntəqələri səsvermə üçün açılıb.
AzVision.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kaladarişvili vətəndaşların 64 bələdiyyə şurasının 2058 üzvünü və 64 merini seçəcək. Kaladarşvili bildirib ki, ölkə üzrə 3061 seçki məntəqəsi açılıb, onlardan 2284-ü elektron, 777-si isə ənənəvi qaydada seki prosesini keçirəcək.

Seçicilərin ümumi sayı 3 milyon 513 min 818 nəfərdir.

Seçki prosesini 28 beynəlxalq və 27 yerli təşkilatdan olan müşahidəçilər, eləcə də 73 media orqanının minə yaxın nümayəndəsi izləyəcək.

Səsvermə saat 20:00-da başa çatacaq.

Xatırladaq ki, seçkilər ərəfəsində Gürcüstan MSK yerli özünüidarəetmə orqanlarına seçkilər günü qanunvericiliklə müəyyən edilmiş bir sıra qadağalar qüvvəyə mindiyini açıqlayıb.

Məlumatda bildirilir ki, səsvermə günü məntəqələrdə seçkiqabağı təşviqat aparmaq qadağandır.

Təbliğat materiallarının seçki məntəqəsinin girişindən 25 metr məsafədə yerləşdirilməsinə yol verilmir.

Bundan əlavə, seçki məntəqəsində və ya məntəqədən 100 metr məsafədə seçicilərin hərəkətinə fiziki maneələrin yaradılmasına yol verilmir. Həmçinin, səsvermə günü seçki məntəqəsindən 100 metr məsafədə insanların toplanmasına və seçicilərin qeydə alınmasına icazə verilmir.

Səsverməyə 8 saat qalmış və səsvermə günü saat 20:00-dək televiziya və radioda ödənişli seçkiqabağı reklam və seçkiqabağı reklamın, seçki mövzusu verilişlərinin yerləşdirilməsi və yayımlanması, habelə seçki məqsədilə avtomatlaşdırılmış telefon danışıqlarının aparılması və qısa mətn mesajlarının göndərilməsi qadağandır.

Səsvermə günü saat 20:00-dək seçkilərlə bağlı ictimai rəy sorğusunun nəticələrinin dərc edilməsi qadağandır.

Səsvermənin məxfiliyini təmin etmək məqsədi ilə səsvermə kabinəsində foto və video çəkilişlərin aparılması qadağandır. Bundan əlavə, MSK-nın qərarı nəzərə alınmaqla, səsvermə kabinəsi istisna olmaqla, səsvermə binasında iştirak etmək hüququ olan şəxslər MSK-nın qərarı ilə müəyyən edilmiş qaydada seçki prosesinə müdaxilə etmədən foto və video çəkə bilərlər.

Seçki aparatının vəzifəli şəxslərinə seçkilərin ilkin nəticələri barədə müvafiq qaydada MSK-nın internet saytında dərc edilməmiş bəyanatlar vermək qadağandır.

AzVision.az



Teqlər: Gürcüstan   seçkilər  



Xəbər lenti