III MDB Oyunları: Bu gün nələr olacaq
Bu gün III MDB Oyunlarında kamandan oxatma yarışlarının həlledici mərhələsidir. Xankəndi şəhər stadionunda əvvəlcə qadınlar və kişilərdən ibarət komandalar, eləcə də qarışıq komandalar üçüncü yer uğrunda və final mərhələdə yarışacaq. Qadınlardan ibarət yığma komandamız bürünc medal uğrunda Belarus komandasına qarşı mübarizə aparacaq.
Bu gün MDB Oyunlarında oğlan boksçular arasında final döyüşləri baş tutacaq. Azərbaycan millisinin 5 boksçusu həlledici mərhələdə qızıl medal uğrunda rinqə çıxacaq. Final görüşlərində ölkəmizi Qardaş Rəhimov (46 kiloqram), Əli Əliyev (48 kiloqram), Əli Abaslı (52 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) təmsil edəcəklər.
Qeyd edək ki, daha əvvəl Əli Ruşanov (46 kiloqram), Ayxan Həsənov (50 kiloqram), Əflatun İsmiyev (57 kiloqram), Raul Heydərli (57 kiloqram), Haqverdi Həsənov (63 kiloqram), Adil Zalov (70 kiloqram), Şikar Əliyev (75 kiloqram), Toğrul Quliyev (60 kiloqram) və İsmayıl Vəliyev (80 kiloqram) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.
II MDB Oyunları çərçivəsində keçiriləcək cüdo üzrə qarışıq komanda yarışlarına bu gün start veriləcək. Azərbaycanın 30 idmançısı qızıl medal uğrunda tatamiyə çıxacaq. Daha əvvəl yığmamız III MDB Oyunları çərçivəsində keçirilən cüdo üzrə fərdi yarışlarda 5 qızıl, 7 gümüş və 9 bürünc olmaqla 21 medal qazanıb.
III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Teqlər: MDB-Oyunları







Vaxtında, Aydın, Lazımlı!


