Suriyada siddətli döyüşlər yenidən qızışıb

   Suriyada siddətli döyüşlər yenidən qızışıb
  06 Oktyabr 2025    Oxunub:791
Hələb vilayətinin şərqində “Suriya Demokratik Qüvvələri” (SDQ) kürd koalisiyasının döyüşçüləri ilə Suriya ordusunun bölmələri arasında toqquşmalar gedir.
AzVision.az xəbər verir ki, “Sham TV” telekanalının məlumatına görə, hər iki tərəf artilleriya və raket zərbələri mübadiləsi aparır. Hökumət qüvvələri onları Rakka, Deyr-əz-Zor və Hələb əyalətlərində SDQ-nin nəzarətində olan ərazilərlə birləşdirən bütün quru yollarını bağlayıb.

Bu arada “Əl-İhbariyyə” telekanalı xəbər verir ki, SDQ, öz növbəsində, Deyr əz-Zor əyalətində Fərat çayının şərq və qərb sahillərini birləşdirən keçidləri bağladığını bildirib.

Suriyanın keçid hökumətinin Müdafiə nazirliyi dəfələrlə kürd qüvvələrini əldə edilmiş razılaşmaları yerinə yetirməyə, Hələb və onun ətraf ərazilərini atəşə tutmağı dayandırmağa çağırıb. SDQ komandanlığı isə baş verənlərdə hökumət qüvvələrindəki bəzi “intizamsız qrupları” təxribatda günahlandırır.

Xatırladaq ki, mart ayında Suriyanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraa və SDQ-nin komandiri Məzlum Abdi kürd koalisiyasının döyüşçülərinin ilin sonuna qədər Suriyanın nizami ordusuna inteqrasiyasını nəzərdə tutan saziş imzalayıblar.

“Kürdlərin nəzarətində olan bütün mülki və hərbi obyektlər, o cümlədən ölkənin şimal-şərqindəki hava limanları, qaz və neft yataqları Dəməşqdəki yeni administrasiyanın nəzarətinə keçəcək”, - sənəddə həmçinin vurğulanır.

Lakin danışıqların sonrakı raundları SDQ ilə keçid hökuməti arasında ciddi fikir ayrılıqlarını üzə çıxardı. Kürd tərəfi Suriyanın şimal-şərqində ona geniş inzibati səlahiyyətlər verəcək mərkəzləşdirilməmiş idarəetmə sisteminin yaradılmasında israrlıdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   döyüşlər  



Xəbər lenti