ABŞ-nin İsrailə hərbi yardımının həcmi açıqlanıb

   ABŞ-nin İsrailə hərbi yardımının həcmi açıqlanıb
  07 Oktyabr 2025    Oxunub:1043
"ABŞ Co Bayden və Donald Tramp hökumətləri dövründə İsrailə Qəzza zolağında müharibə başlayandan bəri ümumilikdə azı 21,7 milyard dollar hərbi yardım göndərib".
Bu barədə ABŞ-nin Braun Universitetinin nəzdindəki "Vatson" Beynəlxalq və İctimai Əlaqələr İnstitutu özünün "Müharibə xərcləri" layihəsi üzrə tədqiqatında bildirir. Tədqiqatda vurğulanır ki, Vaşinqton bütövlükdə Yaxın Şərqdə "təhlükəsizlik yardımı və əməliyyatları" çərçivəsində xərcini son 2 il ərzində təqribən 10 milyard dollar artırıb. "The Associated Press" (AP) xəbər agentliyinin şərhinə görə, bu, mövzu ilə əlaqədar ən əhatəli hesabatdır. Hərçənd maraqlıdır ki, nə Ağ Ev, nə də Müdafiə Nazirliyi ("Pentaqon") ölkənin İsrailə hərbi yardımının həcmi haqqında indiyədək hər hansı rəsmi hesabat yaymayıb.

"Vatson" İnstitutunun məlumatına əsasən, ABŞ Qəzzada müharibənin ilk ilində, yəni Prezident Co Baydenin dövründə İsrailə 17,9 milyard dollar, ikinci ilində isə 3,8 milyard dollar ayırıb.

"Bu yardımın çatdırılması mərhələli surətdə nəzərdə tutulub. İmzalanmış sazişlərə əsasən, Tel-Əviv növbəti illərdə hələ 10 milyardlarla dollar həcmində vəsait alacaq. Müxtəlif mənbələr diqqətə çatdırırlar ki, əgər Vaşinqton kömək göstərməsə idi, İsrail Qəzza zolağında Fələstinin HƏMAS terror təşkilatına qarşı kampaniyasını çox irəli apara bilməzdi", - agentlik vurğulayır.

Hesabata görə, ABŞ bu dövr ərzində Yaxın Şərq üzrə əməliyyatlara, o cümlədən Yəməndə "Husi" qruplaşmasına qarşı hücumlara isə 2023-cü ilin 7 oktyabrından bəri 9-12 milyard dollar xərcləyib. Bu məbləğin 2,25 milyard dolları təkcə cari ilin iyununda, yəni 12 günlük müharibə dövründə İranın nüvə obyektlərinə tuşlanmış aviazərbələrin payıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   Yaxın-Şərq   yardım   xərc  



Xəbər lenti