Rusiyada hərbi yüklü qatar partladılıb | VİDEO

   Rusiyada hərbi yüklü qatar partladılıb    | VİDEO
  08 Oktyabr 2025    Oxunub:651
Rusiyanın Leninqrad vilayətində “Stroqanovo-Mşinskaya” dəmir yolu xəttində partlayış baş verib. Partlayış nəticəsində hərbi yüklər daşıyan qatar relsdən çıxıb.
AzVision.az xəbər verir ki, Ukrayna Müdafiə azirliyinin Baş Kəşfiyyat İdarəsindəki (BKİ) mənbəyə istinad edən “Ukrainska Pravda” nəşrinin məlumatına görə, xüsusi əməliyyatı “naməlum partizanlar” həyata keçirib. Bundan sonra Sankt-Peterburq və Pskov arasında qatar hərəkəti iflic olub.

Oktyabr Dəmir Yolu “texniki səbəblərə görə” Leninqrad vilayətində “bir sıra sərnişin və şəhərətrafı qatarların” hərəkət cədvəlində və marşrutunda dəyişiklik edildiyini açıqlayıb. Daha sonra Leninqrad vilayəti administrasiyası revers xidmətinin tətbiqi, Stroqanovo və Mşinskaya dəmiryol stansiyaları arasında avtobusların işə salınması barədə məlumat verib.

“Nəqliyyat vasitələrinin hərəkəti bərpa olunana qədər, mümkünsə, insanların bu istiqamətdə hərəkətdən çəkinmələri tövsiyə olunur”, - administrasiya qeyd edib.

Rusiya Dəmir Yollarının (RDY) Müştərilərə Dəstək mərkəzi bildirib ki, Sankt-Peterburq və Pskov arasında hərəkət edən “Lastoçka” qatarları iki saatdan çox yubanır. Bu arada Şimal-Qərb Nəqliyyat Prokurorluğu Leninqrad vilayətində şəhərətrafı qatarların marşrutunun dəyişdirilməsi ilə bağlı araşdırmaya başlayıb.

Xatırladaq ki, bu, son bir ay ərzində Rusiyada ən azı üçüncü dəmiryol partlayışıdır. Sentyabrın 14-də Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko “Stroqanovo-Mşinskaya” hissəsində qatar vaqonlarının relsdən çıxdığını bildirib. Əvvəlcə söhbət üç vaqondan gedirdi, lakin sonradan onların sayı 15-ə çatıb. Müstəntiqlər təxribat ehtimalını araşdırırdılar.

Sentyabrın 26-da isə, Pskov vilayətində “Plyussa” stansiyası yaxınlığında relslərdə partlayış baş verib. Vilayətin qubernatoru Mixail Vedernikov heç bir qatarın relsdən çıxmadığını açıqlayıb. Pskov və Sankt-Peterburq arasında “Lastoçka” sərnişin qatarının hərəkəti müvəqqəti olaraq “Batetskaya” stansiyası vasitəsilə dəyişdirilib.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: Leninqrad   qatar   partlayış  



Xəbər lenti