Paşinyan: "Tramp yolu" MDB üçün yeni imkanlar yaradır" | VİDEO

      Paşinyan:    "Tramp yolu" MDB üçün yeni imkanlar yaradır" |    VİDEO
  10 Oktyabr 2025    Oxunub:1003
"Ermənistan hökuməti ABŞ və digər iştirakçılarla "Tramp yolu" üzrə işləməyə hazırdır".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Tacikistanda keçirilən sammitində dilə gətirib. O vurğulayıb ki, sözügedən layihə İrəvanla Azərbaycan, habelə digər birlik üzvləri arasında nəqliyyat kommunikasiyaları (o cümlədən dəmir yolu) qurmaq imkanı yaradacaq.

"Bu təşəbbüs, eyni zamanda, MDB ölkələri üçün yeni ixrac və idxal istiqamətləri açacaq, beləliklə, iqtisadi əlaqələrin möhkəmlənməsinə, birliyin fəaliyyətində effektivliyin artırılmasına töhfə verəcək", – hökumət başçısı söyləyib.

Nikol Paşinyan həmçinin Azərbaycan-Ermənistan sülh sazişinin Vaşinqtonda paraflanması məsələsinə də toxunub. O bildirib ki, bu addım hələ iki ölkə arasında münasibətlərin normallaşması demək deyil:

"Qarşılıqlı ticarət əlaqələri qurmalı, iqtisadi, siyasi, mədəni əlaqələr yaratmalı, humanitar məsələləri qaydasına salmalıyıq. Uzunmüddətli münaqişə tarixini nəzərə alsaq, bu, asan iş deyil, amma sülh prosesi bu məsələlərin tədricən öz həllini tapacağına əminlik yaradır".
Vaşinqton: "Yeni ticarət yolları Cənubi Qafqazı canlandıracaq"

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında söyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələyə toxunulub. O bu layihələri müsbət qiymətləndirib.

Digər tərəfdən, İran hökuməti ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanan dəmir yolu layihəsinin başa çatdırılması üçün fəal işə başlayıb. Avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında məlumat verib ki, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq. Onun sözlərinə görə, xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan   MDB   Tramp-yolu  



Xəbər lenti