Pakistan Əfqanıstanla sərhədi gücləndirir | VİDEO

Pakistan Əfqanıstanla sərhədi gücləndirir    | VİDEO
  13 Oktyabr 2025    Oxunub:974
Ötən həftənin sonlarında ölkənin bir sıra sərhəd əyalətlərində yaşanmış şiddətli toqquşmalardan sonra Pakistan Əfqanıstanla sərhəddə yerləşdirilmiş qoşunlarını yüksək hazırlıq vəziyyətinə salıb.
AzVision.az xəbər verir ki, Pakistanın təhlükəsizlik strukturlarındakı mənbələrə istinad edən “Reuters” agentliyinin məlumatına görə, iki ölkə arasında təxminən 2600 kilometrə qədər uzanan bütün sərhəd keçid məntəqələri bağlanıb, sərhədyanı ticarət tamamilə dayandırılıb.

“Əfqanıstandan gələn səbəbsiz hücumlardan sonra şənbə günündən etibarən bütün keçid məntəqələri bağlanıb. Oktyabrın 12-də axşam saatlarında bir neçə dəfə atışma olsa da, ümumilikdə vəziyyət sakit qalıb”, - xəbərdə deyilir.

Əfqanıstan Müdafiə nazirliyinin sözçüsü Enayətullah Hovərəzmi də agentliyə sərhəddə vəziyyətin normal olduğunu təsdiqləyib.

- Əgər Pakistan tərəfi Əfqanıstanın ərazi bütövlüyünü yenidən pozarsa, silahlı qüvvələrimiz ölkə sərhədlərini müdafiə etməyə tam hazırdır və qətiyyətli cavab verəcək”, - Hovərəzmi bildirib.

Bundan əvvəl Pakistanın Xarici İşlər naziri İshaq Dar bəyan etmişdi ki, Pakistanın Əfqanıstandakı terror qruplaşmalarına cavab zərbələri müdafiə xarakteri daşıyır və mülki şəxslərə qarşı yönəlməyib.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstanın Hilmənd vilayətində atışma baş verib. Daha sonra Əfqanıstan Hərbi Hava qüvvələri Pakistanın Lahor şəhərinə hava zərbəsi endirib. Taliban rəsmiləri əməliyyatın təfərrüatlarını açıqlamayıb.

Əfqanıstanın “TOLO News” telekanalı qarşıdurmalarda ən azı 58 pakistanlı əsgərin öldüyünü iddia edib.

İslamabad, öz növbəsində, azı 200 yaraqlının, Əfqanıstanda atəş açılan 19 terror obyektinin məhv edildiyini və Pakistana hücuma keçən ekstremistlərə dəstək verən Əfqanıstan tank batalyonunun qərargahına zərbə endirdiyini bildirib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pakistan   Əfqanıstan   sərhəd  



Xəbər lenti