Cənubi Koreyada ilk mülki nüvə bunkeri tikiləcək

 Cənubi Koreyada ilk mülki nüvə bunkeri tikiləcək
  14 Oktyabr 2025    Oxunub:799
Cənubi Koreyalı hökuməti paytaxt Seulda yerləşən yaşayış komplekslərindən birinin altında ölkənin ilk mülki nüvə sığınacağı tikməyi planlaşdırır.
"The Korea Herald" qəzeti öz mənbələrinə istinadən yazır ki, "Seoul Housing and Communities Corp." şirkətinə tapşırılan layihənin 2028-ci ilədək başa çatdırılacağı proqnozlaşdırılır. Məlumata görə, bu layihə xüsusilə Şimali Koreyanın artan hərbi hədələri, eyni zamanda, qlobal qeyri-sabitlik, o cümlədən Rusiya-Ukrayna müharibəsi fonunda ictimai təhlükəsizliyin gücləndirilməsi tədbirlərinin bir hissəsidir.

Bildirilib ki, yaşayış binasının üçüncü zirzəmisində yerləşməsi nəzərdə tutulan yeraltı sığınacaq şəhər sakinlərini potensial nüvə, bioloji və kimyəvi hücumlardan qorumaq məqsədi daşıyacaq. Bunker təqribən 1020 nəfərin fövqəladə hallar əsnasında 14 gün təhlükəsiz və fundamental həyati şərait daxilində qalmasına imkan verəcək.

"The Korea Herald" diqqətə çatdırıb ki, bu, hökumət tərəfindən mülki istifadə üçün xüsusi tikiləcək ilk nüvə sığınacağıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Cənubi-Koreya   nüvə   sığınacaq  



Xəbər lenti