Aİ: "Tramp yolu"nu dəstəkləməyə hazırıq" | VİDEO

      Aİ:    "Tramp yolu"nu dəstəkləməyə hazırıq" |  VİDEO
  17 Oktyabr 2025    Oxunub:612
"Avropa İttifaqı "Tramp marşrutu" və "Sülh qovşağı" layihələrinə öz dəstəyini göstərməyə hazırdır".
Bu sözləri Avropa İttifaqının (Aİ) Ermənistandakı səfiri Vasilis Maraqos ölkənin Sünik əyalətinə səfəri əsnasında jurnalistlərə müsahibəsində dilə gətirib. O söyləyib ki, Aİ həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə töhfə verməyə maraqlıdır.

"Bu çərçivədə bütün vasitə və mənbələrimizi irəli sürə bilərik. Doğrudur, hələ bir çox məsələ üzrə müzakirələr aparılırsa da, Aİ belə qənaətdədir ki, sülh tezliklə imzalanacaq. Bu mühüm prosesdə tərəflərə kömək göstərməyə hazırıq", – səfir vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında söyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələri müsbət qiymətləndirib.
Vaşinqton: "Yeni ticarət yolları Cənubi Qafqazı canlandıracaq"

Digər tərəfdən, İran hökuməti ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanan dəmir yolu layihəsinin başa çatdırılması üçün fəal işə başlayıb. Avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında məlumat verib ki, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq. Onun sözlərinə görə, xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:     Ermənistan   Azərbaycan   Tramp-yolu  



Xəbər lenti