Sarkisyan Qarabağda müharibə istəmir- Yenilənib
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Soçi görüşlərinin yekununa dair “Armnews” telekanalına müsahibəsində bildirib.
“Dağlıq Qarabağ münaqişəsi müharibə yolu ilə nizamlana bilməz. Münaqişə yalnız danışıqlar yolu ilə həll olunmalıdır” – deyə Sarkisyan bildirib.
Onun sözlərinə görə, Ermənistan münaqişənin dinc yolla həll olunması üçün istənilən görüşdə iştirak etməyə hazırdır.
Uzun fasilədən sonra baş tutan görüş barədə danışan prezident bildirib ki, erməni tərəfi Rusiya prezidentinin bu təklifini dərhal müsbət cavablandırıb.
Uzunmüddətli fasilələrin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini ləngitməsi barədə fikri şərh edən Sarkisyan vurğulayıb: “Biz heç nəyi sıfırdan başlamamışıq, irəliləyiş və geriləmə - nisbi anlayışlardır”.
“Biz münaqişinənin nizamlanmasını 2011-ci ildə hazırlanan Kazan sənədi əsasında aparırıq. Kazan sənədi Madrid prinsiplərinə əsaslanır və üç əsas prinsip üzrə münaqişənin həllini nəzərdə tutur - millətlərin öz müqəddəratının təyin etmə, ərazi bütövlüyü və güc tətbiqinin yol verilməməsi” - deyə, Sarkisyan bildirib.
Eldar Tanrıverdiyev