“Cəbhədə gərginlik azalacaq” - Ermənistan prezidenti
“Hesab edirəm ki, cəbhədə baş verən hadisələr əvvəlki kimi intensiv olmayacaq. Çünki Ermənistan Silahlı Qüvvələri vəziyyətə tam olaraq nəzarət edir” – deyə, Sarkisyan bildirib.
Sarkisyan həmçinin bildirib ki, sərhədyanı ərazilərdə və təmas xəttində insidentlərin qarşısının alınması üçün ən effektiv vasitə beynəlxalq mexanizm və araşdırmaların aparılmasıdır.
Sarkisyan vurğulayıb ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə keçirilən üçtərəfli görüşləri zamanı Ermənistan – Azərbaycan sərhədi və Qarabağda təmas xəttində son günlər müşahidə olunan gərginlik müzakirə olunmaya bilməzdi: “Biz bu yaxınlarda baş verən insidentlərdən danışmaya bilməzdik. Çünki bu insidentlərin qarşısının alınması danışıqlar prosesinin bir hissəsidir”.
Ermənistan prezidentinin sözlərinə görə, görüşdə heç bir razılaşma əldə olunmayıb.
Serj Sarkisyan atəşkəs haqqında yeni sazişin imzalanmasına ehtiyac olmadığını bildirib: “Fikrimcə, yeni sazişin imzalanması barədə danışmağa ehtiyac yoxdur. Bu gün tərəflər 1994-1995-ci illərdə imzalanan sazişləri yerinə yetirməyə borcludurlar”.
Eldar Tanrıverdiyev