Gürcüstanın müxalif partiyası səhvini düzəldir

Gürcüstanın müxalif partiyası səhvini düzəldir
  20 Oktyabr 2025    Oxunub:701
“Qaxariya - Gürcüstan naminə” partiyası ölkə parlamentində deputat yerlərini tutmağa qərar verib.
AzVision.az xəbər verir ki, partiyanın liderlərindən biri olan Georgi Şaraşidze keçirdiyi brifinqdə belə deyib. Bununla da partiya tərəfindən 11-ci parlamenti boykot etmək prosesi başa çatıb.

“Qaxariya - Gürcüstan naminə” partiyası 26 oktyabr 2024-cü il parlament seçkilərindən sonra qanunverici orqanın boykotu qərarına gəldiyini bildirsə də, indi bu taktikanın səhv olduğunu etiraf edib.

“Parlamentin boykotu bütün siyasi prosesin boykotuna çevrildi və müxalifəti siyasi arenadan sıxışdırıb çıxardı. “Gürcü arzusu”na isə 4 oktyabr təxribatına – hakimiyyətə qarşı etirazçıların bəzilərinin basqın cəhdinə səbəb olan avtoritarizmi gücləndirmək üçün heç bir müqavimət göstərmədən cəld hərəkət etmək imkanı verildi”, - Georgi Şaraşidze vurğulayıb.

Xatırladaq ki, “Qaxariya – Gürcüstan naminə” mərkəzçi partiyası Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariya tərəfindən yaradılıb. Partiyanın təsisat tədbiri 2021-ci il mayın 29-da keçirilib.

2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra Qaxariyanın partiyası qanunverici orqanda 12 mandat qazanıb və müvafiq şəkildə parlamentə eyni sayda deputatla daxil olacaq.

Maraqlıdır ki, partiyanın lideri Georgi Qaxaria parlamentin Müvəqqəti İstintaq Komissiyasının iclasına gəlməkdən boyun qaçıran müxalif siyasətçilərin həbsləri fonunda Gürcüstanı tərk edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   müxalifət   səvh  



Xəbər lenti