Prezidentin xüsusi nümayəndəsi İranın XİN rəhbəri ilə görüşüb

   Prezidentin xüsusi nümayəndəsi İranın XİN rəhbəri ilə görüşüb
  21 Oktyabr 2025    Oxunub:581
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Tehran şəhərində İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
İranın dövlət xəbər agentliyinin ("IRNA") məlumatına əsasən, görüş əsnasında Abbas Əraqçi diqqətə çatdırıb ki, Tehran Bakı ilə hərtərəfli əlaqələri daha da irəli aparmağa, bu prosesə maneəçilik törədən amilləri qaldırmağa hazırdır.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasınd sülh sazişinin imzalanması bütövlükdə Cənubi Qafqaza sabitlik, təhlükəsizlik və əmin-amanlıq gətirəcək ki, bu da həm İranın maraqlarına uyğundur.

"Ölkələrin ərazi bütövlüyü, milli suverenliyinə hörmətlə yanaşırıq. Geosiyasi dəyişikliklərin qarşısının alınmasında, mübahisələrin həllində diplomatik vasitələrdən istifadə prinsipial mövqeyimizdir", – nazir söyləyib.

Görüşdə Xələf Xələfov İranın hökumət nümayəndələri ilə apardığı müzakirələri "müsbət və konstruktiv" adlandırıb, həmçinin İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana uğurlu səfərini də xatırladıb. O, Bakının Tehranla müxtəlif sahələr üzrə əməkdaşlığı artırmağa böyük maraq göstərdiyini təsdiqləyib. Birgə iqtisadi komissiyaların yaradılmasının, siyasi məsləhətləşmələrin həyata keçirilməsinin, xüsusilə nəqliyyat, elektrik enerjisi və infrastruktur sahələrində müştərək layihələrə diqqət ayrılmasının əhəmiyyətini vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Azərbaycan   İran   nümayəndə   nazir   görüş  



Xəbər lenti