Tramp: “Ukraynanın qalib gələcəyini düşünmürəm”

      Tramp:    “Ukraynanın qalib gələcəyini düşünmürəm”
  21 Oktyabr 2025    Oxunub:738
ABŞ prezidenti Donald Tramp bunun nəzəri cəhətdən mümkün olduğunu bildirsə də, Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə inanmadığını bəyan edib.
AzVision.az Almaniyanın “Deutsche Welle (DW)” nəşrinə istinadən xəbər verir ki, Amerika lideri Avstraliyanın baş naziri Entoni Albaneze ilə birgə çıxışı zamanı belə deyib.

“Onlar hələ də qalib gələ bilərlər. Qalib gələcəklərini düşünmürəm, amma nəzəri cəhətdən bunu bacara bilərlər. Mən heç vaxt qalib gələcəklərini deməmişəm, qalib gələ biləcəklərini demişəm. Hər şey ola bilər”, - CNN telekanalı ABŞ prezidentinin bəyanatından sitat gətirir.

++Xatırladaq ki, bir müddət əvvəl Ağ Evin rəhbəri Avropa İttifaqının (Aİ) dəstəyi ilə Ukraynanın keçmiş sərhədləri daxilində bütün ərazilərini “geri qaytarmağa qadir olduğunu” iddia etmişdi.

- Vaxt keçdikcə Avropanın, xüsusən də NATO-nun səbri və maliyyə dəstəyi ilə bu müharibənin başladığı ilkin sərhədlərin bərpası tamamilə mümkündür”, - Donald Tramp bildirmişdi.

Oktyabrın 19-da isə, ABŞ prezidenti Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Donbas regionunun böyük hissəsinin Rusiyanın nəzarəti altında qalması şərti ilə “bölünməli olduğunu” deyib.

Elə həmin gün, Amerika lideri “Financial Times (FT)” qəzetində dərc olunan materialdakı məlumatı təkzib edib.

Sözügedən məqalədə bildirilirdi ki, ABŞ prezidenti Ukrayna lideri Volodimir Zelenskini ölkənin üç vilayətinin - Donetsk, Luqansk və Dnepropetrovskın bir hissəsini əhatə edən bütün Donbası Rusiyaya təhvil verməyə çağırıb.

Bununla belə, Donald Tramp prezident qrupunun jurnalistləri ilə söhbətində Rusiya və Ukrayna qoşunlarının hərbi əməliyyatları dayandırmalı və hazırkı təmas xəttində qalmalı olduqlarını vurğulayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, öz növbəsində, mövcud cəbhə xətti üzrə hərbi əməliyyatların dayandırılması məsələsində Moskvanın mövqeyinin dəyişmədiyini diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Ukrayna   müharibə  



Xəbər lenti