Qəzzada xəstəxanaların bərpası üçün lazımi vəsait açıqlanıb

   Qəzzada xəstəxanaların bərpası üçün lazımi vəsait açıqlanıb
  24 Oktyabr 2025    Oxunub:1046
"Qəzza zolağında tamamilə sıradan çıxmış səhiyyə sisteminin postmüharibə dövründə yenidən qurulması məqsədilə azı 7 milyard dollara ehtiyac var".
Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreisus Cenevrədə mətbuata açıqlamasında dilə gətirib. O həmçinin vurğulayıb ki, hazırda Qəzza zolağından kənarda müalicəyə ehtiyac duyan 15 min xəstə var. Onlardan 4 mini uşaqdır.

"Bu şəxslər zolaqdan təcili surətdə çıxarılmalıdırlar. İndiyədək evakuasiyanı gözləyən 700 xəstə artıq həyatını itirib", - Baş direktor söyləyib.
Qəzzanın bərpası üçün lazımi məbləğ açıqlanıb

Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ) və Dünya Bankının birgə hesablamalarına əsasən, Qəzza zolağının ümumilikdə bərpası və yenidən qurulması üçün isə təqribən 70 milyard dollara ehtiyac var.

Xatırladaq ki, oktyabrın 9-da Fələstinin HƏMAS terror təşkilatı Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. Ötən günlərdə isə Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıblar. Eyni zamanda, Misirdə Yaxın Şərq Sülh Sammiti baş tutub. Hazırda atəşkəs üzrə danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ÜST   BMT   Qəzza   bərpa   məbləğ  



Xəbər lenti