Britaniyada miqrantlar hərbi kazarmalara köçürüləcək

Britaniyada miqrantlar hərbi kazarmalara köçürüləcək
  28 Oktyabr 2025    Oxunub:745
Böyük Britaniya hökuməti noyabrın sonundan etibarən qeyri-qanuni miqrantları hərbi kazarmalarda yerləşdirməyə başlayacaq.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın Daxili İşlər nazirliyindəki mənbəyə istinad edən “The Times” nəşrinin məlumatına görə, bu kazarmalarda 10 minə yaxın adam yerləşdirilə bilər.

“Köçürülmə Şotlandiyanın İnverness şəhəri yaxınlığında yerləşən ordu bazasındakı kazarmalara və İngiltərənin cənubundakı Şərqi Sasseks qraflığındaki təlim düşərgəsinə planlaşdırılır”, - qəzet yazır.

Hakimiyyət bu addımın büdcəyə düşən yükü azaldacağına və miqrantlar üçün bahalı otellərə ehtiyacı aradan qaldıracağına ümid edir. Daxili İşlər nazirliyi həmçinin sənaye obyektləri və mehmanxanalardan daha ucuz və “daha məqbul” olan digər müvəqqəti yerlər axtarır.

Nəşrin yazdığına görə, hazırda bir nəfər miqrantın oteldə qalması bir gecəlik 108-144 funt sterlinq (144-192 dollar) təşkil edir. Bununla belə, mənbələr kazarmaların mənzilə çevrilməsinin heç də az qiymətə başa gələ bilməyəcəyi barədə xəbərdarlıq edirlər.

Daxili İşlər naziri Şabana Mahmud oktyabrın ortalarında etiraf edib ki, Böyük Britaniya, digər Avropa ölkələri kimi, miqrasiya axınının artması səbəbindən öz sərhədləri üzərində nəzarəti itirmək təhlükəsi ilə üzləşib.

- Daha sərt giriş qaydalarının olmaması təkcə siyasi liderlərə deyil, həm də dövlət institutlarına etimadı sarsıda bilər”, - nazir vurğulayıb.

Miqrantların hərbi kazarmalara köçürülməsindən əlavə, hakimiyyət daimi yaşayış icazələrinin alınması qaydalarını sərtləşdirməyi nəzərdən keçirir. Ərizə verənlərin “cəmiyyət üçün dəyərli olduğunu” sübuta yetriməsi tələbini qoymaq planlaşdırılır.

Hazırda əksər miqrantlar ölkədə beş il yaşadıqdan sonra müddət məhdudiyyəti olmadan qalmaq üçün müraciət edə bilərlər ki, bu da daimi yaşayışa icazə verir. May ayında hökumət qeyri-məhdud qalmaq müraciətinə qədər ölkədə yaşayış müddətinin on ilə qədər artırılmasını təklif edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Briyaniya   miqrantlar   kazarma  



Xəbər lenti