Avropa Ukrayna meydanında təklənib

Avropa Ukrayna meydanında təklənib
  03 Noyabr 2025    Oxunub:988
Kiyevin maliyyələşdirilməsi məsələsində Avropa ABŞ-nin dəstəyindən məhrum olub. Gələn il Ukraynanın ehtiyacları üçün 60 milyard avronun necə ayrılacağı hələ də bəlli deyil.
AzVision.az xəbər verir ki, “Corriere della Sera” nəşrinin məlumatına görə, Ukraynaya maliyyə yardımının həcmi artan xətt üzrə gedib. 2022-ci ildəki 74 milyard avrodan 2023-cü ildə 79 milyard avroya və 2024-cü ildə 89 milyard avroya yüksəlib. Bu zaman ABŞ-nin payı Avropanın yardımını azacıq üstələyib.

“İndi Avropa Kiyevin büdcəsini dəstəkləməkdə tək qalıb, çünki Donald Tramp administrasiyası bütün növ köçürmələri və kreditləri kəsib. Kiyevin ən azı 60 milyard avro məbləğində büdcə ehtiyacları çatışmazlığının maliyyələşdiriləcəyi məsələsi qeyri-müəyyən olaraq qalır”, - qəzetin icmalçısı Federiko Fubini yazır.

Ukrayna mənbələrinə istinad edən ekspert bildirir ki, ölkənin müdafiə sənayesi vəsait çatışmazlığı səbəbindən potensialının yalnız üçdə birini istifadə edir.

Onun fikrincə, bu baxımdan, Avropa üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə etmək və ən azı 140 milyard avro toplamaq üçün bir yol tapmaq çox vacibdir. Çünki bu, “münaqişənin gələcəyini” müəyyən edə və “Kiyevə ən azı daha iki il mübarizə aparmağa” imkan verə bilər.

Bununla belə, qəzet vurğulayır ki, Avropada bu məsələdə vahid yanaşma yoxdur: Almaniya, Şimali Avropa ölkələri və əksər Şərqi Avropa dövlətləri Rusiyanın aktivlərindən istifadə edərək kreditin Kiyevə verilməsinin qəti tərəfdarıdır.

Fransa və İtaliya isə maliyyə məsuliyyətini öz üzərinə götürmək istəməyərək ehtiyatlılıq və skeptisizm nümayiş etdirirlər.

Rusiya aktivlərinin ən böyük hissəsinin dondurulduğu Belçika, öz növbəsində, onların müsadirəsi üçün məsuliyyətin bölüşdürülməsi tələbini qoyur.

Yeri gəlmişkən, Avropa İttifaqının (Aİ) təmsilçilərinə istinad edən “Politico” nəşri bu hərc-mərcliklərin Beynəlxalq Valyuta Fondunu (BVF) Kiyevə maliyyə yardımını dayandırmağa sövq edə biləcəyini yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Avropa   Ukrayna   maliyyə  



Xəbər lenti