Cavad Heyətin ailəsinə başsağlığı verildi

Cavad Heyətin ailəsinə başsağlığı verildi
  13 Avqust 2014    Oxunub:1710
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin görkəmli cərrah və həkim, professor Cavad Heyətin vəfatı münasibətilə mərhumun həyat yoldaşına, övladlarına, həmkarlarına və onu sevənlərin hamısına başsağlığı verib.
Bu barədə AzVision.az-a İranın Azərbaycandakı səfirliyindən daxil olan məlumatda deyilir.

"Ölkəmizin tibb və mədəniyyət ictimaiyyəti özünün ən görkəmli alimlərindən birini itirdi. O, özünün bərəkətli ömrünü şərafətli İran xalqına xidmətə sərf etdi və gələcək nəslin yoluna işıq sala biləcək dəyərli töhfələr yadigar qoydu", - səfir vurğulayıb.

Qeyd edək ki, məşhur azərbaycanlı cərrah avqustun 12-də səhər saatlarında dünyasını dəyişib.

Cavad Heyət bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, pnevmoniya diaqnozu ilə müalicə olunurdu.

C.Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. 1946-cı ildə Türkiyənin İstanbul Universitetini bitirib, həmin universitetdə 3 il işlədikdən sonra təhsilini 4 il müddətində Fransadakı Paris universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb. 40 ildən artıq Tehran Universitetində çalışıb.

Cavad Heyət filologiya və türkologiya sahəsində "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kitablarının müəllifidir.

O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və "Dədə Qorqud" Assosiasiyasının təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülüb.


Teqlər:  





Xəbər lenti