Suriya-Livan sərhədində atışma olub

   Suriya-Livan sərhədində atışma olub
  15 Dekabr 2025    Oxunub:932
Livan ordusunun xüsusi təyinatlı qüvvələri Əl-Məşrəf bölgəsindəki mövqelərinin hücuma məruz qalmasından sonra sərhədin Suriya tərəfinə cavab atəşi açıb.
AzVision.az xəbər verir ki, “Elnashra” portalının məlumatına görə, Suriya təhlükəsizlik qüvvələri ilə zərbə mübadiləsi Livan hakimiyyətinin Əl-Kaa sərhəd-keçid məntəqəsini bağlamasına səbəb olub. Sərhədin Hermeldən şimal hissəsinə gücləndirici qüvvələr yerləşdirilib.

Bundan əvvəl bölgədə Livan əsgərləri Dendaş qəbiləsindən olan qaçaqmalçılar dəstəsi ilə toqquşub, yaraqlılar itki verərək Suriya ərazisinə geri çəkilib.

Suriya-Livan sərhədində sonuncu silahlı insident avqustun 17-də Livan ordusunun Kfar-Zabad dağlıq bölgəsində terrorçu qruplaşmanın ölkə ərazisinə soxulmaq cəhdinin qarşısını alması zamanı baş verib.

Xatırladaq ki, martın 27-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Livan və Suriyanın Müdafiə nazirləri Mişel Menas və Murhaf Əbu Qəsrə ortaq sərhədlərin demarkasiyası haqqında saziş imzalayıblar. Danışıqlarda onların səudiyyəli həmkarı şahzadə Xalid bin Salman Əl Səud vasitəçilik edib.

Müdafiə nazirliklərinin rəhbərləri 375 kilometr uzunluğunda Livan-Suriya sərhədində sabitliyin qorunması mexanizmlərini hazırlayacaq ikitərəfli ixtisaslaşdırılmış komitələrin yaradılması barədə razılığa gəliblər.

Sahil İafəndərov
AzVision.az


Teqlər: Livan   Suriya   atışma  



Xəbər lenti