Qəbələdə 81 milyonluq yarış keçiriləcək
Tədbirdə vurğulandı ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçirilən bu yarış Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır və ölkəmizdə idmanın bu növü üzrə təşkil edilən ilk beynəlxalq turnirdir. “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı və Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən Beynəlxalq Qran-pri yarışları avqustun 21-dək davam edəcək. Yarışda Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarus, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxıstan, Qətər, Rusiya və Özbəkistan idmançıları iştirak edirlər.
Ölkəmizi bu yarışda olimpiya çempionu Zemfira Meftahəddinova, “Qəbələ” İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Qəbələ” Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova və başqaları təmsil edəcəklər. Ümumilikdə 150–yə yaxın idmançı dairəvi və səngər stend olimpiya atıcılıq növləri üzrə mübarizə aparacaqlar.
Yarışlara avqustun 16-da start veriləcək.
Açılış mərasimindən sonra Azərbaycanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub.
Mərasim atəşfəşanlıqla başa çatıb.