Tramp: "Venesuelanı biz idarə edəcəyik"

//ABŞ bu ölkənin neft sektorunda maraqlıdır

      Tramp: "Venesuelanı biz idarə edəcəyik"
  03 Yanvar 2026    Oxunub:1542
Trampın sözlərinə görə, Maduronun ələ keçirilməsinə görə ABŞ ilə Çin Xalq Respublikası arasında heç bir problem olmayacaq, çünki Pekin “neft alacaq”.
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı barədə “Fox News” telekanalına müsahibə verib.

Donald Tramp müsahibəsində bildirib ki, ABŞ Venesuelanın " siyasi perspektivləri ilə bağlı qərarlar qəbul edir və bundan sonra da bu prosesdə iştirak edəcək ". Onun sözlərinə görə, "Vaşinqton Venesuelanın neft sektorunda maraqlıdır" .

Tramp həmçinin qeyd edib ki, bir həftə əvvəl Maduro ilə şəxsən danışıb və onu könüllü şəkildə təslim olmağa çağırıb:

“Maduroya dedim ki, təslim olmalısan. Sən təslim olmağa məcbursan. Onunla şəxsən danışdım, amma o, ‘yox’ dedi”.

Prezidentin iddiasına görə, Maduro və həyat yoldaşı Venesueladan helikopterlə çıxarılaraq gəmiyə mindirilib və həmin gəmi ilə Nyu-Yorka aparılıb.

ABŞ lideri Venesuelanın paytaxtına gecə zərbələri zamanı bir neçə hərbçinin yaralandığını, lakin ölənlərin olmadığını da bildirib. Onun sözlərinə görə, əməliyyat dörd gün əvvəl keçirilməli idi, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

“Biz bunu dörd gün əvvəl etməli idik, amma hava imkan vermədi; hava şəraiti mütləq uyğun olmalıdır... Onun qaldığı yer sanki, bir qala idi. Çox yüksək səviyyədə qorunurdu. Evinin qapıları poladdan idi. Evdə hər tərəfi möhkəm poladla əhatə olunmuş bir təhlükəsizlik sahəsi də vardı. O, ora daxil olmağa çalışdı, lakin son dərəcə sürətli müdaxiləmiz nəticəsində buna imkan tapmadı.Poladı kəsmək üçün xüsusi güclü qaz məşəllərimiz də vardı, lakin buna ehtiyac qalmadı"-, Tramp deyib.

Bundan əlavə, Tramp Meksikadakı vəziyyətə də toxunaraq bildirib ki, baş nazir Şeynbaumaya kartellərin ləğv edilməsi təklifini verib, lakin bu təklif rədd edilib.

“Meksikanı onlar (narkobaronlar) idarə edirlər. Ona görə də nəsə etməliyik, çünki biz təxminən 300 min insan itirmişik . Bu böyük rəqəmdir. Biz bu insanları narkotiklərə görə itirmişik”, – deyə Tramp vurğulayıb.

Trampın sözlərinə görə, Maduronun ələ keçirilməsindən sonra Çin Xalq Respublikası ilə də problem yaşanmayacaq, çünki Pekin “neft alacaq” .

Daha əvvəl ABŞ-ın baş prokuroru, Maduro və onun həyat yoldaşı Silia Floresə qarşı “narkoterrorizm”, silah və narkotik qaçaqmalçılığı ittihamları irəli sürüldüyünü açıqlamışdı.

Öz növbəsində, Venesuelanın Xarici İşlər Nazirliyi ölkəsinin “bütün beynəlxalq platformalarda öz hüquqlarını müdafiə edəcəyini və bunun üçün mövcud olan bütün mexanizmləri işə salacağını” bəyan edib .

Aygün Xankişiyeva
AzVision.az




Teqlər: DonaldTramp   ABŞ   Venesuela   NikolasMaduro  



Xəbər lenti