İranda etiraz aksiyaları şiddətlənir

   İranda etiraz aksiyaları şiddətlənir
  08 Yanvar 2026    Oxunub:1617
"İranda hökumətə qarşı kütləvi etiraz aksiyaları son günlərdə xüsusilə güclənib, nümayişçilərin sayı artıb, aksiyalar daha çox şəhərə yayılıb".
Yerli sosial şəbəkə istifadəçilərinin öz mənbələrinə istinadən yaydıqları məlumata əsasən, son bir-iki gündə aksiyaların keçirilmədiyi şəhərlərdə, o cümlədən Abdanan, Astara, Rəşt, Qəzvində də sakinlər üsyana qalxıblar. Əsasən ölkənin qərbində, paytaxt Tehranın isə ümumilikdə 20 rayonunda güclü etiraz nümayişləri baş tutur. Satıcıların və tələbələrin nümayişlərdə xüsusi fəallığı nəzərə çarpır. Onlar "Xameneiyə ölüm", "diktatora ölüm", "Pəhləvi qayıtmalıdır" şüarlarını səsləndirirlər.

Bildirilir ki, aksiya iştirakçılarının təhlükəsizlik qüvvələrinə, ictimai və inzibati binalara silahlı hücumları qeydə alınır. Hökumətin rəsmi məlumatına görə, son günlər toqquşmalar nəticəsində 4 polis həyatını itirib.

İran Prezidenti Məsud Pezeşkiyan bu hadisələr fonunda ölkənin təhlükəsizlik qüvvələrini iqtisadi səbəblərdən etiraza qalxan dinc nümayişçilər ilə silahlı iğtişaş başlatmağa çalışanlar arasında fərq qoymağa çağırıb.
Pezeşkiyan: "Dinc etirazçılara toxunmayın" | VİDEO

Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb. Məlumata əsasən, aksiyalarda indiyədək azı 40 nəfər ölüb, 50-dən çox insan yaralanıb, 2076 aksiya iştirakçısı saxlanılıb. ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır. Rəsmi Tehran bu hədə-qorxunu pisləyib. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahu da etirazçıları dəstəklədiyini bildirib.

Əli Xamenei ölkədəki iğtişaşdan yaxasını qurtarıb Moskvaya qaçarsa, 2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiq Suriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək. Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka massivində yaşadığı deyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianı nə danır, nə də təsdiqləyir. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb.

Eyni zamanda, sonuncu İran şahının oğlu, hazırda ABŞ-də yaşayan Rza Pəhləvi "Fox News" telekanalına müsahibəsində diqqətə çatdırıb ki, müvafiq şərait meydana gələndə İrana qayıtmağa, teokratik hakimiyyətə qarşı mübarizəyə qoşulmağa hazırdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   etiraz-aksiyaları  



Xəbər lenti