Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, bu gün Azərbaycan şəhərsalma, dayanıqlı inkişaf və post-münaqişə dövrünün idarə olunması sahəsində böyük təşəbbüslər həyata keçirir. Onun sözlərinə görə, bu proseslərdə insan amili əsas yer tutur. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri yalnız infrastrukturun deyil, həm də sosial mühitin və insan rifahının yenidən qurulmasına xidmət edir. Onun sözlərinə görə, ölkədə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın urban inkişafda yeni mərhələyə keçdiyini göstərir. Komitə sədri həmçinin bildirib ki, Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın bu sahədə təcrübəsini beynəlxalq səviyyədə təqdim etmək üçün mühüm imkan yaradacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov isə çıxışı zamanı konfransın keçirilməsinin şəhərsalma və memarlıq sahəsində əhəmiyyətindən danışıb. O qeyd edib ki, tədbirdə müzakirə olunan mövzular bu istiqamətdə gələcək fəaliyyətlərə və araşdırmalara əlavə impuls verəcək.
Açılış nitqlərindən sonra “Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” və “Təhlükəsiz şəhərlər: Dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma” mövzularında panel müzakirələri keçirilib.

Müzakirələr zamanı ailə institutunun Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu, genefondun daşıyıcısı kimi inkişafında xüsusi rol oynadığı, gənc nəslin təlim-tərbiyəsinin formalaşmasına, cəmiyyətin inkişafına, dövlətin sağlam dəyərlər üzərində qurulmasına təsir göstərdiyi vurğulanıb. Həmçinin qadınların ictimai fəallığının artırılması, onların sosial, mədəni və iqtisadi həyatda iştirak imkanlarının genişləndirilməsi, qərarqəbuletmə proseslərində və rəhbər vəzifələrdə təmsilçiliyinin gücləndirilməsi məsələləri ətafında fikir mübadiləsi olub.
Bildirilib ki, konfrans “Azərbaycan Respublikasında Gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda müəyyən edilmiş prioritet istiqamətlərin icrasına töhfə verməyi hədəfləyir.
Konfrans çərçivəsində qadın memarların əsərlərindən ibarət sərgi də nümayiş olunub.
S.Həsənova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


