Putinin gizli casus məktəbi aşkarlandı

// “4 nömrəli kafedra”nın sirri

   Putinin    gizli casus məktəbi    aşkarlandı
  09 May 2026    Oxunub:2615
Avropanın 3 ölkəsinin məşhur nəşrləri olan “Le Monde” (Fransa), “The Guardian” (Britaniya) və “Der Spiegel” (Almaniya) birlikdə beynəlxalq jurnalist araşdırması aparıblar. Araşdırmanın nəticəsində Rusiya prezidenti Vladimir Putinin “gizli casus məktəbi” ilə bağlı sensasion iddialar irəli sürülüb.
Araşdırmaçılar belə nəticəyə gəliblər ki, Bauman adına Moskva Universitetində Rusiyanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (ГРУ) gizli hazırlıq mərkəzi fəaliyyət göstərir. “4 nömrəli kafedra” adlanan gizli mərkəzdə Rusiya hərbi kəşfiyyatı üçün kiberdöyüşçü və casuslar hazırlanır.

Burada tələbələrə viruslar yaratmaq, Pentaqonun kompüter şəbəkəsinə daxil olmaq, təbliğat məqsədli videomateriallar hazırlamaq və digər belə bacarıqlar öyrədilir.

1830-ildə yaradılmış Bauman Universiteti Rusiyanın texniki profilli aparıcı ali məktəblərindən biridir. Universitet heç vaxt hərb sənayesi ilə əlaqələrini gizlətməyə çalışmayıb. Buranı bitirən tələbələrin əksəriyyəti sonradan karyeralarını güc və xüsusi xidmət orqanlarında davam etdiriblər.

Araşdırmada deyilir ki, “4 nömrəli kafedra”nın müəllim və tələbələrini QRU rəhbərliyi birbaşa özü seçir. Kafedraya polkovnik-leytenant Kiril Stupakov rəhbərlik edir. Müəllimlərdən biri Qərbin sanksiyalarının altına düşən Viktor Netikşodur. O, ordu və kəşfiyyat üçün hakerlər yetişdirməklə məşğuldur.

Vüsal Məmmədov
AzVision.az


Teqlər: Kəşfiyyat   Xüsusi-xidmət   Rusiya  



Xəbər lenti