50 yaşlı məzun: "Heç vaxt gec deyil"

      50 yaşlı məzun:    "Heç vaxt gec deyil"
  01 İyul 2026    Oxunub:333
Uzun illər dərziliklə məşğul olsa da, bu sahə üzrə rəsmi peşə təhsilinə malik olmayan Cəlilabad rayon sakini Akşin Şəbiyev bir neçə il əvvəl Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin dərzi ixtisasına qəbul olunub. Təhsil aldığı qrupdakı tələbələrin əksəriyyəti ondan təxminən 30 yaş kiçik olsa da, bu fərq A.Şəbiyevin hədəflərinə çatmasına mane olmayıb. O, gənclərlə çiyin-çiyinə dərslərdə iştirak edib, praktiki bacarıqlarını daha da təkmilləşdirib. Nəticədə peşə təhsilini uğurla başa vuraraq dərzi ixtisası üzrə diplom alan məzunlar sırasında yer alıb.

Akşin Şəbiyev təəssüratlarını bölüşərək deyib: "Uzun illərdir dərzi kimi fəaliyyət göstərirəm. Ancaq bu sahə üzrə rəsmi peşə təhsilim yox idi. 50 yaşım olmasına baxmayaraq, “təhsil almaq üçün heç vaxt gec deyil” prinsipi ilə təhsil almağa qərar verdim. Bu peşəni yaxşı bilsəm də, təhsil müddətində mənim üçün yeni olan bir çox incəlikləri və peşənin xırda detallarını öyrəndim. Bu biliklər gələcək fəaliyyətimdə mənə çox faydalı olacaq”.


Qazandığı uğurda müəllimlərinin böyük rolu olduğunu vurğulayan A.Şəbiyev bildirib ki, onlar təhsil müddətində tələbələrə daim dəstək olub, bilik və təcrübələrini böyük həvəslə bölüşüblər.


Qrupda ən yaşlı tələbə olsa da, bunu heç vaxt problem kimi görmədiyini vurğulayan həmsöhbətimiz qeyd edib ki, gənclərlə birlikdə oxumaq ona xoş təsir bağışlayıb. “Onlarla ünsiyyət qurmaq, birlikdə öyrənmək mənə əlavə motivasiya verdi və bir daha əmin oldum ki, təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur”, - deyə o əlavə edib.


Gələcək planlarından danışan A.Şəbiyev bundan sonra həm dərzilik fəaliyyətini davam etdirəcəyini, həm də müəllim kimi çalışaraq qazandığı bilik və təcrübəni gənclərə ötürmək istədiyini vurğulayıb.


Teqlər: Təhsil  



Xəbər lenti