İstidə məşq üçün ən uyğun vaxt açıqlanıb

İstidə məşq üçün ən uyğun vaxt açıqlanıb
  04 İyul 2026    Oxunub:333
Mütəxəssislər isti havalarda fiziki məşqlərin səhər saat 09:00-dan əvvəl və ya axşam 19:00-dan sonra keçirilməsini tövsiyə edirlər.
Onların sözlərinə görə, yüksək temperatur şəraitində məşqlərin intensivliyini azaltmaq, eyni zamanda maye qəbulunu artırmaq vacibdir. İlk isti günlərdə fiziki yüklənmənin təxminən 25 faiz azaldılması məqsədəuyğun hesab olunur.

Mütəxəssislər suyun kiçik porsiyalarla, hər 15 dəqiqədən bir 150–200 millilitr olmaqla qəbul edilməsini məsləhət görürlər. Uzunmüddətli məşqlər zamanı isə tərlə itirilən natrium və kaliumun bərpası üçün elektrolitlərin qəbulu tövsiyə olunur.

Bildirilir ki, başgicəllənmə, ürəkbulanma, üşütmə hissi və tərləmənin qəfil dayanması orqanizmin həddindən artıq qızmasının əlamətləri ola bilər. Belə hallarda məşq dərhal dayandırılmalı, kölgəli yerə keçilməli və bədənin soyudulması üçün tədbirlər görülməlidir.

Mütəxəssislərin fikrincə, havanın temperaturu +25 dərəcəni keçdikdə orqanizm resurslarının əhəmiyyətli hissəsini soyumağa sərf edir. Bu isə qan dövranının yenidən paylanmasına və adi fiziki yük zamanı nəbzin yüksəlməsinə səbəb olur.

Qeyd olunur ki, marafon qaçışlarında ən yüksək nəticələr adətən +10–12 dərəcə temperatur şəraitində əldə edilir.

Röya Əliyeva
AzVision.az





Teqlər:



Xəbər lenti