ABŞ-İran: Zərbələr davam edir │ VİDEO

      ABŞ-İran:    Zərbələr davam edir    │ VİDEO
  17 İyul 2026    Oxunub:491
CENTCOM İran ərazisindəki hərbi obyektlərə qarşı yeni zərbələr seriyası barədə məlumat yayıb.
Komandanlığın məlumatına görə, sahil müşahidə və hava hücumundan müdafiə obyektlərinə, logistika infrastrukturuna və dəniz hərbi obyektlərinə zərbələr endirilib.

Cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Bəhreyndəki hərbi hava bazasına hücum etdiyini bəyan edib. Sözügedən bazada helikopterlər və "P-8 Poseidon" kəşfiyyat təyyarələri yerləşir.



Bundan əlavə, media ABŞ-nin Küveyt, İordaniya, Qətər və İraq Kürdüstanındakı obyektlərinə də zərbələr endirildiyi barədə məlumatlar yayır.
Eyni zamanda, ABŞ-ın İranın Çabahardakı dəniz müşahidə qülləsinə yeni zərbələr endirdiyi xəbərləri yayılıb.

ABŞ İranın cənubunda, Hörmüz boğazı yaxınlığında yerləşən Bəndər-Xamir şəhərindəki bir neçə körpüyə zərbələr endirib. Həmin körpülərdən biri Bəndər-Abbas və Şiraz şəhərləri arasındakı marşrutda mühüm nəqliyyat qovşağıdır.

Medianın məlumatına görə, hadisə nəticəsində 7 nəfər həlak olub, daha 10 nəfər isə yaralanıb.

CENTCOM həmçinin ABŞ dəniz piyadalarının Oman körfəzində "M/T Wen Yao" tankerinin göyərtəsinə daxil olduğunu və orada yoxlama apardığını bildirib. Komandanlığın məlumatına görə, ABŞ qüvvələri İranın dəniz blokadasını yarmağa çalışan üç kommersiya gəmisinin istiqamətini dəyişdirib, tələbləri yerinə yetirməkdən imtina edən bir gəmini sıradan çıxarıb və blokada rejiminə əməl olunmasını təmin etmək üçün daha bir gəminin göyərtəsinə daxil olublar.

Tariyel Həsənov
AzVision.az




Teqlər: ABŞ   İran  






Xəbər lenti