Zelenski yolayrıcında atları dəyişdi

   Zelenski yolayrıcında atları dəyişdi
  18 İyul 2026    Oxunub:629
Ukrayna Prezidenti Volodimir Zelenski baş nazir Yuliya Sviridenko və bir sıra nazirləri istefaya göndərib. Ali Rada "Naftoqaz"ın sabiq rəhbəri Sergey Koretskini baş nazir postuna təsdiqləyib. Ən çox mübahisə doğuran məqam isə Ukraynanın Müdafiə Nazirliyindəki kadr dəyişikliyidir.
İyulun 15-də Mixail Fyodorov müdafiə naziri vəzifəsindən getdiyini bəyan etdi. Səbəblərdən biri kimi onunla Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş komandanı Aleksandr Sırskinin arasındakı ixtilaflar göstərilir.

Fyodorovun istefasından sonra Ukraynanın bir sıra şəhərlərində nazirə dəstək məqsədilə etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları onun yenidən qurumun rəhbəri postuna qaytarılmasını tələb edirlər. Bu tələblərə USQ-nin Baş komandanı Aleksandr Sırskinin işdən çıxarılması və onun yerinə general Mixail Drapatının təyin edilməsi çağırışları da əlavə olunub.

Etirazların ikinci günündə nümayişçilərə hərbi formalı şəxslər və Rusiya-Ukrayna müharibəsinin veteranları da qoşulublar.


Mixail Fyodorov son illərin ən uğurlu müdafiə nazirlərindən biridir. Ukrayna Silahlı Qüvvələrinin islahatları və modernləşdirilməsi məhz onun adı ilə bağlıdır. Fyodorovun Ukraynanın müdafiə naziri postunda cəmi altı ay qalmasına baxmayaraq, bu dövr sıçrayış mərhələsi olub. Ekspertlərin əksəriyyəti üçün onun əsas xidmətləri PUA-ların rolunun gücləndirilməsi və hərbi satınalmalar sisteminin islahatıdır. O, beynəlxalq donorlarla çox yaxşı əlaqələr qurmağı bacarıb. Ukraynanın son həftələrdə və aylarda aldığı böyük məbləğdə maliyyə vədləri və silah istehsalı sahəsində əməkdaşlıq təklifləri həm də Fyodorovun korrupsiyaya qarşı sərt mübarizə aparması ilə bağlıdır.

İkinci amil kimi Fyodorovun ABŞ-dakı əlaqələri – Rusiya ordusu üçün "Starlink" rabitəsinin kəsilməsindəki rolu və digər Amerika şirkətləri ilə yüksək texnologiyalar sahəsindəki təmasları qeyd olunur.

USQ-nin Baş komandanı general Aleksandr Sırski mübahisəli şəxsiyyət sayılır. Bu fonda Ukrayna prezidentinin Sırskini əvəzləməsi, Fyodorova isə toxunmaması daha məntiqli qərar olardı.

Prezidentin Fyodorovun istefasını seçməsinin səbəbi kimi nazirin səfərbərlik islahatının öhdəsindən gələ bilməməsi göstərilir. Qərb ekspertləri bu arqumenti üqeyri-inandırıcı hesab edirlər, çünki bunun üçün çox az vaxt keçib. Fyodorovun digər sahələrdəki, xüsusən də orta və uzaq mənzilli PUA zərbələrindəki uğurları bu uğursuzluq iddiasını kölgədə qoyur.

Bəzi müşahidəçilər daxili işlər naziri İqor Klimenkonun müdafiə naziri postuna təyinatının məhz səfərbərlik problemini həll etmək məqsədi daşıdığını ehtimal edirlər. Qərb analitikləri bu addımın uğurlu olacağına əmin deyillər və qeyd edirlər ki, bu tapşırıq istənilən siyasətçi üçün çətin olacaq.

Ukrayna müdafiə nazirinin istefasından sonra ordunun modernləşmə tempinin zəifləməsi riskindən çox danışılır. Qarşıda hələ Ukrayna üçün Amerikanın "Patriot" komplekslərinə aid raketlərin istehsalı haqqında saziş üzrə danışıqlar var və nazir dəyişikliyi bu prosesi gecikdirə bilər. Müdafiə sənayesi etimadın son dərəcə vacib olduğu bir sahədir; yeni müdafiə naziri isə bu etimadı hələ qazanmalıdır.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Ukrayna  






Xəbər lenti