Araz Ağalarova 15 milyardlıq zərbə

Araz Ağalarova 15 milyardlıq zərbə
  25 Avqust 2014    Oxunub:3470
Kalininqrad Dünya Çempionatı-2018 oyunlarının keçiriləcəyi Rusiya şəhərləri arasında yer almayacaq.
AzVision.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Kalininqrad vilayət hökumətindəki mənbə RBC agentliyinə bildirib. Mənbə deyib ki, buna səbəb Kalininqradda stadion tikintisi layihəsinin həddən artıq baha başa gəlməsi və 15 milyard rubl limitini keçməsidir. Stadion tikintisi layihəsi nüfuzlu azərbaycanlı milyarder Araz Ağalarovun “Crocus Group” şirkətlər qrupuna həvalə edilmişdi.

Mənbənin bildirdiyinə görə hazırda hökumətdə aparılan müzakirələr nəticəsində belə qənaət hasil olub ki, Kalininqrad futbol üzrə dünya çempionatının oyunlarının keçiriləcəyi şəhərlər sırasından çıxarılsın. Federal rəsmi bildirib ki, suallar daha çox stadionun layihəsinə yönəlib. Belə ki, stadionun tikintisi üçün şəhərin mərkəzində əvvəllər bataqlıq olan ərazidən 200 hektar yer ayrılıb. Bu ərazidə heç vaxt tikinti aparılmayıb.
Hakimiyyət şəhərin inkişafına stimul vermək üçün yeni stadionun tikintisini planlaşdırmışdı. “Lakin inşaatçıların ilkin hesablamalarına görə bu ərazini tikintiyə hazırlamaq üçün 2 min qırxmetrlik svay lazımdır. Svaylar vurulandan sonra onların üzərində yeni ada yaradılacaq. Bu işlər neçəyə başa gələcək, heç kim bilmir” deyə mənbə bildirib.

“Crocus Group” şirkətinin nümayəndəsi isə deyib ki, stadion layihəsində işlərin dayandırılması barədə onlarda hələlik rəsmi informasiya yoxdur.

Rusiya dünya çempionatının oyunlarını 12 stadionda keçirməyi planlaşdırırdı. Bu yaxınlarda FİFA prezidenti Yozef Blatter Rusiya prezidenti Vladimir Putinlə görüşüb və stadionların çempionata qədər başa çatdırılması məsələsi müzakirə olunub. Rusiya mətbuatı yazır ki, görüşdə iki stadionla bağlı problem yarandığı bildirilib. Bunlardan biri Araz Ağalarovun tikməyə hazırlaşdığı Kalininqrad stadionu, digəri isə Putinin dostu Gennadi Timçenkonun şirkətinin Volqoqradda tikəcəyi stadiondur. Volqoqrad stadionunun tikintisi ona görə məqsədəuyğun hesab edilmir ki, zəruri nəqliyyat və otel infrastrukturu yoxdur.

Araz Ağalarov Kalininqradda stadion üçün ayrılmış ərazinin bataqlıq olduğunu və tikintinin 15 milyard rubl limitini keçəcəyini bundan əvvəl federal rəsmilərə bildirib. İdman naziri Vitali Mutko isə deyib ki, əsas məsələ podratçı şirkətin qazancı yox, imicidir və layihəyə büdcədən əlavə vəsait ayırmaq imkanı yoxdur.


Teqlər:





Xəbər lenti