Dik baxdığımız gələcək │ Vüsal Məmmədovun yazısı

      Dik baxdığımız gələcək    │ Vüsal Məmmədovun yazısı
  27 İyul 2026    Oxunub:773
Kristofer Nolan “Odisseya”nı 70 mm-lik IMAX plyonkasına çəkib. Bu plyonka 1.43:1 nisbətində ekran görüntüsü verir. Belə formatda filmə baxmaq üçün bütün dünyada cəmi 40 kinoteatr var. Doğrudanmı, Nolan cəmi 40 ekranda fərqli görünməyin xətrinə 70 mm-lik IMAX texnologiyasının bahalıq və əziyyət yükünə qatlaşıb, yoxsa ortada nəsə başqa mətləb var?
Normalda kinoteatrların ekranı enli olur - blokbasterlər və epik filmlər 2.39:1, komediya və dramlar 1.85:1 nisbətinə malik ekranda göstərilir. Standart IMAX formatı 1.90:1 şəklindədir. Nolanın seçdiyi 1.43:1 formatı kino ekranını köhnə televizorların kvadrat ekranına daha çox yaxınlaşdırır.

Niyə rejissor belə edib? Axı illərdir elə ilk növbədə rejissorlar bizə deyirlər ki, enli ekranda göstərilən kino insan gözünün real həyatda gördüyünə daha yaxındır. Bu həqiqətən belədir. İnsanın gözləri şaquli yox, üfiqi xətt üzrə yerləşir. Bioloji növün sağ qalması üçün məhz belə görmə daha effektivdir. Gözlərimiz alt-üst yerləşsəydilər, biz yuxarı və aşağını daha geniş, sağı və solu dar bucaq altında görəcəkdik. Amma biz sağı və solu geniş bucaqdan görürük. Müasir kino da məhz belə görünüş təklif edir.

Amma sonra qəfildən smartfonlar, şaquli ekranlar erası başladı. Üfiqi videolar şaquli ekranda olduqca narahat görünür. İnsanlar kütləvi şəkildə şaquli video çəkməyə girişdilər. İlk dəfə bu trendi tutan TikTok qlobal fenomenə çevrildi. Hərçənd, dikinə video insanın fizioloji quruluşuna ziddir - o sadə səbəbdən ki, dediyimiz kimi, gözlərimiz, şaquli yox, üfiqi xətt üzrə yerləşib. Əgər gözlərimiz sifətimizin ortasında alt-üst yerləşsəydilər, şaquli video formatı insan üçün normal və təbii olardı.

Beləcə, videoformatların təkamülü tərsinə çevrildi. Onillərlə video enli, geniş ekran formatına doğru gedirdi. Amma qəfildən ensiz, dik ekranlar gəldi. Müasir insan üçün ensiz video əsas standarta çevrilməyə başlayır. “Tesla” maşınlarındakı monitorların dikinə formatı istehsalçıların bu trendə uyğunlaşmağa başladığını göstərir.

Yaxın gələcəkdə evlərimizdə dikinə televizor ekranları görəcəyikmi? Tamamilə mümkündür! Artıq televiziya kanallarında dikinə çəkilmiş videoların yanlarındakı qara zolaqlarla efirə getməsi adi hala çevrilir. Çox pinti görünür, amma trend budur. Formatların yarışında qalib gələn ölçü ilə hesablaşmağa məcburuq. İnsanlar eninə video çəkmək istəmədikləri üçün televizorlar onlara boyun əyib, özləri dikələcəklər. Gələcək enlilərin yox, dik duranlarındır.

Kristofer Nolan da bir vizioner kimi ya məqsədli şəkildə, ya da hansısa sövq-təbii hissin təsirilə enli ekrandan qaçmağa çalışıb. Çox heyif! Sadəcə ümid etməkl qalır ki, bu hələ son deyil və enli ekran gələcəkdə revanş götürə biləcək. Əks halda öz fiziologiyamıza zidd getmiş olacağıq.
“Gələcəyin üzünə dik baxmağı bacarmaq lazımdır” deyəndə müdriklər bunu nəzərdə tutmamışdılar.

Vüsal Məmmədov

AzVision.az


Teqlər: Texnologiya   Kino  






Xəbər lenti