Rəsmi Bakıdan ABŞ-a CAVAB

Rəsmi Bakıdan ABŞ-a CAVAB
  29 Avqust 2014    Oxunub:2531
ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycan ilə əlaqədar 27 və 28 avqust tarixində verdiyi açıqlamalara rəsmi Bakıdan cavab gecikməyib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev AzVision.az-a açıqlamasında bildirib ki, həmin fikirlər əsasız və qəbuledilməzdir.

`Siyasi mahiyyət daşıyan və Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir. Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam şəkildə təmin olunub.

Yaxşı olardı ki, digərlərində problemlər axtarmaq əvəzinə, ABŞ öz daxilində insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərlə ciddi surətdə məşğul olsun. Missuri ştatının Ferquson şəhərində baş verən hadisələr bir daha onu göstərdi ki, insan hüquqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, etnik və irqi zəmində ayrı-seçkiliyin və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional şiddətin və ifrat zorakılığın tətbiq olunmasının qarşısının alınması istiqamətində fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etməkdən uzaqdır`.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycan hökumətini beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb. Bildirib ki, son vaxtlarda onlar Azərbaycanda sivil cəmiyyətə, söz azadlığına qoyulan məhdudiyyətlərin artdığını müşahidə edirlər.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti