Soyuducu satışına qadağa

Soyuducu satışına qadağa
  26 Aprel 2013    Oxunub:2394
İctimai iaşə müəssisələri üçün elektrik və qaz plitələri, vitrin soyuducularının istehsalı və satışı qadağan edilib
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətin AzVision.az-a verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov ev 20, istehsal sahəsinin ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü mədən olan “Əliyev və K” Şəxsi İstehsalat Kommersiya Şirkətində dövlət nəzarəti tədbirləri həyata keçirilib
Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə istehsal olunan vitrin soyuducuları, ictimai iaşə müəssisələri üçün qaz və elektrik plitələrinin təhlükəsizliyi, normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilməyib, AZS milli sertifikatlaşdırma sistemində sertifikatlaşdırılmayıb. İstehsal prosesində istifadə olunan 167 ədəd ölçmə və sınaq vasitələrinin heç biri müqayisəli yoxlamadan keçirilməyib. Bununla da sahibkar tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələbləri pozulub.

Aşkar olunmuş pozuntularla bağlı “Əliyev və K” Şəxsi İstehsalat Kommersiya Şirkətinə nöqsanların aradan qaldırılması barədə iradnamə, müqayisəli yoxlamadan keçməmiş ölçmə və sınaq vasitələrinin istismardan çıxarılması barədə tələbnamə verilmişdir. Həmçinin şirkətə ictimai iaşə müəssisələri üçün elektrik və qaz plitələri, vitrin soyuducularının istehsalı və satışı qadağan edilib.


Teqlər:  





Xəbər lenti