Prezidentin dediyi `milli satqınlar` kimlərdir?

Prezidentin dediyi `milli satqınlar` kimlərdir?
  01 Sentyabr 2014    Oxunub:12895
Prezident İlham Əliyev avqustun 28-də Beyləqana səfəri zamanı ciddi mesajlar verdi. Ölkə başçısı gənclərlə görüşündə ölkə daxilindəki hadisələrə toxunaraq, Azərbaycanda milli satqınların olduğunu diqqətə çatdırıb.

Dövlətçilik əleyhinə çıxan radikal müxalifəti sərt tənqid edən dövlət başçısı vurğulayıb ki, onlar vicdanlarını xarici antiazərbaycan dairələrinə satıblar: “Bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir. Ölkə daxilində də milli satqınlar var ki, onlar da öz vicdanlarını xarici antiazərbaycan dairələrinə satıblar”.

Dövlət başçısı görüşü zamanı diqqətə çatdırıb ki, “xaricdən yardım” adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. O pul müxalifət qurumlarının cibinə gedir.

- Bizim müxalifət pula o qədər meyillidir ki, ayrılan qrantların 70-80 faizini cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyir. Onsuz da lap o miqdarı on dəfə artırsalar da, bunun xeyri olmayacaq. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı xalqdır, görülən işlərdir, abadlaşan şəhərlər və inkişafda olan ölkəmizdir. Ona görə hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Bunu artıq o cəhdləri edənlər də tamamilə başa düşürlər”,- deyə prezident müxalifətin ünvanına sərt mesajlar göndərib.

Ölkə başçısının dediyi kimi, Azərbaycanda müəyyən pul müqabilində xarici dairələrin diktəsi ilə işləyən onlarla insan var. Məsələn “hüquq müdafiəçsi” adı altında ermənipərəst qüvvələrlə əlbir olan Leyla Yunus kimiləri...

Bəs Azərbaycanın milli satqınları kimlərdir?

Mütəmadi olaraq antiAzərbaycan fəaliyyəti ilə diqqət çəkən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus ötən ay ifşa edilərək həbs olunub. Barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilən Leyla Yunus 4 maddə ilə ittiham edilir.

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirli bilinir. Baş Prokurorluğun açıqlamasından bəlli olduğu kimi, Leyla Yunus Azərbaycanla bağlı dövlət əhəmiyyətli xəbərləri Ermənistan Respublikasının xüsusi xidmət orqanlarına ötürməklə dövlətə xəyanət edib.

Onun həyat yoldaşı Arif Yunus da dövlətə xəyanətdə günahkar bilinərək həbs edilib. Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinirlər.

Leyla Yunusla əlbir olan “Ayna- Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov da eyni maddə ilə - dövlətə xəyanətdə ittiham edilir.

R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq, Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

“İnsan hüquqları klubu” İctimai birliyinin rəhbəri Rəsul Cəfərovun da həbsi bu qəbildəndir.

Rəsul Cəfərov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 2010-cu ilin oktyabr ayından etibarən ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) və digər donor təşkilatlarla bağladığı qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydə alınmasını təmin etmədən qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək, 147.900 manat məbləğində gəlir əldə etmək, habelə dövlət büdcəsinə ödənilməli olan 6.162 manat məbləğində vergiləri ödəməkdən yayınmaqda şübhəli bilinir.

Rəsul Cəfərovun Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov AzVision.az-a açıqlamasında ölkə başçısının “milli satqın” adlandırdığı şəxslərin hər kəsə məlum olduğunu deyib.

S.Novurov hesab edir ki, milli satqınlar xaricdən maliyyə alıb Azərbaycan dövlətçiliyinə, xalqın maraqlarına ziyan vuran, onlara arxadan zərbə endirən insanlardır: “Milli satqınların kim olduğu bütün Azərbaycan ictimaiyyətinə məlumdur. Hamı bilir ki, onlar xaricdən maliyyə alıb Azərbaycan dövlətçiliyinə, xalqın maraqlarına ziyan vuran, onlara arxadan zərbə endirən insanlardır. QHT-lərdə artıq araşdırmalar gedir. Bu adamlar indiyə kimi kifayət qədər böyük məbləğdə maliyyə əldə edib və biz də heç birin tədbirin şahidi olmamışıq. Bunlar hamısı ictimaiyyətdən gizlədiliblər”.

S.Novruzov hesab edir ki, qrantların ictiamiyyətdən gizlədilməsinin səbəbi onların təmiz məqsədlə xərclənməməsidir: “Onların hər biri dövlətçilik əleyhinə işlərə sərf olunan və Azərbaycan Respublikasının inkişafına mane olan, erməni lobbisi tərəfindən qrantlarla maliyyələşən insanlara məxsus olub. Bunu Azərbaycan cəmiyyəti yaxşı bilir. Bilinməlidir ki, xalqın, millətin, dövlətin əleyhinə gedən insanların hər birinin hesabatı olacaq və bu hesabat qarşısında cavab verəcəklər”-deyə S.Novruzov vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti