Alman dilində portal yaradılacaq - VİDEO

Alman dilində portal yaradılacaq - VİDEO
  04 Sentyabr 2014    Oxunub:1716
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzalayıb.

Qrant müqaviləsinin imzalanması mərasimində çıxış edən Şura sədri Azay Quliyev əvvəlcə qonaqları salamlayaraq onlara Şuranın fəaliyyəti haqqında qısa məlumat verib.

Almaniya-Azərbaycan Forumu ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyən A.Quliyev qrant müqaviləsi çərçivəsində alman dilində Azərbayan haqqında yaradılacaq informasiya portalının vacibliyini vurğulayıb.

Şura sədri bildirib ki, bəzən Almaniyada Azərbaycan haqqında düzgün olmayan və ziddiyyətli məlumatlar yayılır: "Həm bu cür hallarının qarşısını almaq, həm də Almaniya cəmiyyətinə Azərbaycan reallıqları, mədəniyyəti, adət-ənələri və tarixi barədə düzgün məlumatlar vermək üçün bu cür portalın yaradılması mühüm əhəmiyyət kəsb edir".

Azərbaycan ilə Almaniya arasında səmərəli əməkdaşlığın mövcud olduğunu bildirən A.Quliyev Şuranın yeni təşəbbüslərin və ideyaların həyata keçirilməsinə hazır olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkür edən Almaniya-Azərbaycan Fondunun rəhbəri Hans-Eberhard Şlayer Azərbaycanla Almaniya arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb və qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur.

O bildirib ki, son illərdə sürətli iqtisadi inkişa malik olan Azərbaycan Almanya üçün mühüm tərəfdaşdır: "Bu baxımdan biz Almaniya cəmiyyətini Azərbaycan reallıqları, onun mədəniyyəti, adət-ənənələri haqqında, iki ölkə arasındakı münasibətlər və bu ölkənin gözəlliyi barəsində məlumatlandırmalıyıq. Mən çox şadam ki, biz bu istiqamətdə müzakirələrə başladıq və uğurlu bir sonluq əldə etdik".

Daha sonra qrant müqaviləsi imzalanıb. Qrant müqaviləsini Almaniya-Azərbaycan Fondunun rəhbəri Hans-Eberhard Şlayer və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov imzalayıb.

Tədbirdən sonra jurnalistlərə açıqlama verən A.Quliyev bildirib ki, bu gün Şuranın xarici QHT-lər ilə bağlı həyata keçirdiyi siyasətin əsas məqsədi xarici ölkələrdə onların öz dillərində Azərbaycan haqqında informasiya resurslarının sayını artırmaqdır: "Bu baxımdan alman dilində hazırlanacaq informasiya portalı bu həcmdə yardılacaq ilk portal olacaq. Burada məqsəd adi vətəndaşlar, siyasətçilər, jurnalistlər arasında Azərbaycanla bağlı doğru məlumat yaymaqdır. Çünki bəzən onların qəbul etdiyi qərarlarda məlumat azlığı səbəbindən yanlışlığa yol verirlər".




Teqlər:





Xəbər lenti