Ukraynada atəşkəs elan edildi

Ukraynada atəşkəs elan edildi
  06 Sentyabr 2014    Oxunub:1887
Sentyabrın 5-də Ukraynanın şərqində vəziyyətin nizama salınması məsələsi ilə əlaqədar Minskdə keçirilən görüşün iştirakçıları atəşkəs haqqında sənəd imzalayıblar. Bu barədə jurnalistlərə ATƏT-in fəaliyyətdə olan sədrinin Ukraynada vəziyyətin nizama salınması məsələləri üzrə rəsmi nümayəndəsi Adelheyd Talyavini məlumat verib.
AzVision.az xəbər verir ki, danışıqlarda iştirak edən tərəflərin nümayəndələri bildiriblər ki, bu gün bir neçə bənddən ibarət protokol imzalanıb. Həmin bəndlərdən biri sentyabrın 5-də saat 18.00-dan (Bakı vaxtı ilə saat 20.00-dan) Ukraynanın şərqində atəşin dərhal dayandırılması haqqında şərtdir.

Qondarma "Luqansk Xalq Respublikasının" başçısı" İqor Plotnetski dəqiqləşdirib ki, atəş məhz Minsk vaxtı ilə saat 18.00-dan dayandırılmalıdır.

Qondarma "Donetsk Xalq Respublikası"nın qondarma "baş naziri" Aleksandr Zaxarçenko isə öz növbəsində, bildirib ki, danışıqlarda iştirak edən tərəflərin nümayəndələri bugünkü görüşü hələ başa çatdırmayıblar, sadəcə bu bəyanatı vermək üçün salondan çıxıblar. Hazırda əlaqə qrupu işini davam etdirir.

Xatırladırıq ki, Minskdə "Prezident-otel"in binasında Ukraynanın şərqində vəziyyətin nizama salınması üzrə üçtərəfli əlaqə qrupunun (Ukrayna-ATƏT-Rusiya) növbəti iclası keçirilir. Görüşdə Ukrayna tərəfini keçmiş prezident Leonid Kuçma, Rusiya Federasiyasını - Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov təmsil edirlər. İclasda həmçinin qondarma respublikaların nümayəndələri İqor Plotnitski və Aleksandr Zaxarçenko iştirak edirlər.


Teqlər:  





Xəbər lenti