Çinin Ədliyyə nazirinin müavini ilə görüş keçirilib

Çinin Ədliyyə nazirinin müavini ilə görüş keçirilib
  26 Aprel 2013    Oxunub:1439
Nazirlikdə keçirilmiş görüşdə ədliyyə naziri Fikrət Məmmədov iki ölkə arasında hüquqi əlaqələrin inkişafının müsbət dinamikasını qeyd edib.
Bu gün hüquqi əlaqələrin genişləndiriməsi, xüsusilə əməkdaşlığa dair yeni Sazişin imzalanması məqsədilə Çin Xalq Respublikası ədliyyə nazirinin müavini Can Sucun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlib. AzVision.az xəbər verir ki, Çinin nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstəsi düzüb, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyublar.

Nazirlikdə keçirilmiş görüşdə ədliyyə naziri Fikrət Məmmədov iki ölkə arasında hüquqi əlaqələrin inkişafının müsbət dinamikasını qeyd etmiş, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyini, əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Qonağa ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə həyata keçirilən islahatlar barədə məlumat verilib.

Xalqlarımız arasında qədim tarixə malik dostluq əlaqələrinin inkişafını qeyd edən qonaq ölkəmizə etdiyi ilk səfəri zamanı hərtərəfli dinamik tərəqqinin şahidi olduğunu vurğulayıb, dünyada hökm sürən qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan və Çin iqtisadiyyatının daim inkişaf etdiyini qeyd edib. Can Sucun bü səfərə böyük əhəmiyyət verdiyini qeyd etmiş, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birlərini dəstəklədiklərini bildirirək, Azərbaycanın beynəlxalq aləmdə yüksək imicə malik ölkə kimi tanındığını vurğulamış, buna misal kimi ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunmasını gətirib. Qonaq ölkəmizdə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlara böyük maraq göstərərək qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etmiş, Azərbaycana səfərinin hüquqi sahədə əlaqələrin inkişafına böyük təkan olacağını söyləyib.

Söhbət zamanı nümayəndə heyətinin diqqəti Ermənistan tərəfindən torpaqlarımızın 20%-nin işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, bununla bağlı BMT qətnamələrinin hələ də yerinə yetirilməməsi faktına cəlb edib. Qonaq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Sonra Azərbaycan və Çinin Ədliyyə nazirlikləri arasında Əməkdaşlığa dair yeni Sazişin imzalanma mərasimi keçirilib. Mərasimdə qeyd olunmuşdur ki, bu mühüm sənəd hüquq və ədliyyə sahəsində əlaqələrin inkişafına, nümayəndə heyətlərinin, habelə hüquqi məsələlərə və qanunvericiliyə dair məlumatların mübadiləsinə, birgə tədris tədbirlərinin təşkilinə, təhsil və ekspertiza müəssisələri arasında əməkdaşlığın təşviqinə xidmət edəcəkdir.

Nümayəndə heyəti nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri, habelə Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuşlar.

Elə həmin gün Çinin ədliyyə nazirinin müavini bir sıra rəsmi, o cümlədən Baş Prokurorluqda, Ali Məhkəmədə görüşlər keçirib.

Ölkəmizdə aparılan ədliyyə, o cümlədən penitensiar islahatlara böyük maraq göstərilərək səfər zamanı nümayəndə heyətinin penitensiar müəssisələrin fəaliyyəti, habelə yeni yaradılmış ASAN xidmət mərkəzi ilə tanışlığı nəzərdə tutulur.

AzVision.az


Teqlər:  





Xəbər lenti