Niyə xarici güllərin ətri olmur? – MÜSAHİBƏ

Niyə xarici güllərin ətri olmur? – MÜSAHİBƏ
  11 Sentyabr 2014    Oxunub:23845
Çox az insan olar ki, güllərə biganə qalsın. Çünki güllər həyatımızda müxtəlif mənaları ifadə edir. Gülün növündən, rəngindən asılı olaraq mənalar dəyişir. Güllər dostluğu, sədaqəti, hörməti, kədəri və başqa anlamları ifadə edir.

Ən əsası isə insanlar bir-birinə sevgi, diqqət və hörmət əlaməti kimi gül hədiyyə edirlər. Bu işdə bizə yardımçı olanlar isə gül-çiçəyin dilini bilən floristlərdir.

AzVision.az-ın müsahibi florist Elçin Şəmmədovdur.

- Dükanımız artıq 15-ci ildir ki, fəaliyyət göstərir. Böyük bir kollektivimiz var. Peşəmi gül satışdan daha çox, bir incəsənət nümayişi kimi təqdim edərdim. Burada səbr, daxili gözəllik, zövq lazımdır. Bir sözlə, mədəni bir işdir. İşini sevməlisən. Bunun satış, istehsalat məsələsinə deyil, incəsənət yönünə baxmaq lazımdır,- deyir florist.

Elə ilk sualımı da bizimlə birgə bağladığı gül buketi haqqında verirəm:

- İndicə böyük bir buket bağladınız. Bu prosesdə riayət etdiyiniz xüsusi qaydalar varmı, yoxsa rəngləri uyğun gəlir deyə gülləri seçdiniz?

- Sözsüz ki, rənglər düzgün gəlməlidir. Məsələn, ağ rəng hər bir rəngi götürürür. Ancaq digər rənglərdə ehtiyatlı olmaq vacibdir. Bu yayın gül buketlərində isə rəngarənglik daha çoxdur. Gülü yığmaq qaydası elədir ki, gərək ilhamın gəlsin. Deməzdim ki, çətin işdir. Əsas onun kulminasiya nöqtəsidir ki, sonda necə tərtib edəcəksən.

Müştəri var, şəkil gətirir ki, buket buna oxşasın. Düzdür, bu, incəsənətdir, ancaq bir işi ikinci dəfə təkrar yığanda eyni alınmır.



- Buketdə ən çox hansı güllərdən istifadə edirsiniz?

- Qızılgülə tələbat həmişə var. Sadəcə olaraq, indi buketi dəyişik, qarışıq formada istəyirlər. Xırda çiçəklərdən çox istifadə edirik. Məsələn, istifadə etdiyimiz orkid gülü ən bahalı güldür, güllərin şahıdır demək olar. Lalə gülləri də olur .

Mövsümdən asılı olaraq buketlərin də tərkibi dəyişir. Yəni mövsüm buketləri olur. Çünki hər fəslin öz gülü var. Qarşıdan payız fəsli gəlir. Buna görə də güllərdə dəyişiklik olacaq. Çünki elə güllər var ki, yay fəslində olmurlar. Əgər qızılgülü, liliyanı 12 ay ərzində tapa biliriksə, yayda pion gülünü yalnız xaricdən gətirtmək olar.

- Səbətinizdə yerli güllər çoxluq təşkil edir, yoxsa xaricdən gətirilmə?



- Sözsüz ki , yerli güllərin özünün spesifik gözəlliyi var. Yerli bazarımız da zəif deyil. Yanız qışda bir az zəifləyir. Çünki qışda istilik çox tələb olunur, o da ki, artıq xərcdir. Buna görə də, yerli güllərdən az istifadə olunur.

Müəyyən güllər var ki, bizdə bitmir. İstəsən də bitməz. Nə qədər etsən də, Hindistanda bitən gülü burada yetişdirə bilməzsən. Ancaq özümüzün də ətirli, maraqlı güllərimiz var. Məsələn, Xrizantema gülü rəngindən asılı olaraq müxtəlif mənaları verir. Ağ rəngi dürüstlüyü, sarısı minnətdarlığı, qırmızı rəngi dostluğu bildirir.

- Əsasən hansı ölkələrdən güllər gətirirsiniz?

- Hollandiya, Latın Amerikası ölkələri, Ekvador, Kolumbiyadan gətiririk. Əsas bu bazarla işləyirik. Qızılgüllər ən çox Ekvador və Hollandiyadan gəlir. Hollandiya bazarı böyük bazardır. Bütün dünyanın gül bazarları demək olar ki, orada birləşir. Başqa dövlətlər ora ixrac edir, biz də oradan alırıq.



- Aldığımız güllərin ətirsiz olması nə ilə bağlıdır?

- Hazırda ətirli güllər azdır. Xaricdən gələn meyvələrin necə tamı yoxdursa, oradan gələn güllərin də qoxusu olmur. Baxırsan ki, uzun müddət qalır, görünüşləri gözəldir. Amma ətir yoxdur. Öz güllərimiz isə ətirlidir. Məsələn, Qızılgülün gülabi sortu.

Məncə, xaricdən gətirilmə güllər becərmə zamanı dərmanlanır deyə, ətri ölür. Onlar tam təbii deyillər.

- Buketlərin qiymətləri neçəyədir?

- Qiymətlər müxtəlifdir. 20 manatdan başlayaraq 100- 200 manata qədər olur. Gülün sayından asılıdır. Əvvəlcədən müştəri ilə razılığa gəlirəm. Müştəri var deyir ki, bu qiyməti keçməsin, müştəri də var ki, deyir sən yığ, neçəyə olur-olsun.

“İnterflora” adlı şirkət var. Biz o mərkəzin yaranmasından sonra rəsmi üzvü olmuşuq. Bu şirkət vasitəsilə Amerikaya, Şərq ölkələrinə də gül çatdıra bilərik. 2-3 saat ərzində sifariş qəbul olunur. Müsabiqələrdə də iştirak edirik. Ən çox Türkiyəyə və Hollandiyaya gedirik, sərgilərə qoşuluruq.



- Azərbaycanda floristika ilə bağlı hansısa bir məktəb varmı?

- Rusiyada, Hollandiyada var. Bizdə isə yoxdur.

- Floristika ilə bağlı mütaliə edirsinizmi?



- Bəli hər ay bununla bağlı jurnallar alırıq. Buradan güllərin xarakteri haqqında məlumat öyrənirik, hansı gül gülü xoşlamaz və s. Məsələn, xırda uşaq olan evdə Liliya gülünün qoyulması məsləhət deyil. Hətta xəstəxanaların çoxuna o gülü buraxmazlar.

- Çoxları nə zamansa işindən mənən yorulur. Güllərlə işləyən adam necə?



- Fiziki baxımdan çox yoruluruq. Ancaq insana gözəllik təqdim edirsənsə, bu işdən necə yorulmaq olar? Daim cavan qalırsan, çünki güllərin, gözəlliyin içindəsən. Bu, həm də bir incəsənət işidir, əsəblərimizə gözəl təsir edir. Mənə görə çox maraqlı işdir.

Şahanə RƏHİMLİ
Fotolar Nuron Məmmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti