Ehtirası oynayanlar – MÜSAHİBƏ, FOTOLAR, VİDEO

 Ehtirası oynayanlar – MÜSAHİBƏ, FOTOLAR, VİDEO
  12 Sentyabr 2014    Oxunub:22925
Rəqs – kobud desək, təkcə atılıb-düşmək deyil; rəqs edərkən daxildə saxladığımız hisslər müxtəlif bədən üzvlərimiz vasitəsilə ifadə olunur. Bəlkə də məşhur bir deyimi dəyişib, belə də demək olar: “Rəqs et, sənin necə insan olduğunu deyim”. Bəli, hər bir insanın rəqsi onun daxili aləmini, hansı xarakterə məxsus olduğunu göstərir.

AzVision.az
-ın müsahibi, Azərbaycan Dövlət Neft Akademiyasının "Gənclik" mahnı və rəqs studiyasının rəqs ansamblının bədii rəhbəri, əməkdar artist Sənan Hüseynli də hər gün onlarla insanı məhz elə rəqsləri vasitəsilə tanıdığını deyir.

Biz studiyaya daxil olarkən bədii rəhbər artıq dünyanın ən ehtiraslı rəqsləri sayılan Latın Amerikası rəqslərinin tədrisinə başlamışdı. Onun hərəkətlərini diqqətlə izləyən həvəskar rəqqaslara mane olmamaq üçün bir kənarda dayanıb, bir neçə saat ərzində bizə göstərilən maraqlı rəqs-şouya tamaşa etdik.



Nəhayət, Sənan müəllimin dərsi bitdi və söhbətimizə başladıq. İlk olaraq bədii rəhbər bizə “Badü-Kubə Salsa” məktəbindən və öz fəaliyyətindən danışdı:

- Bizim məktəbin adı “Badü-kubə Salsa” adlanır, 15 ildir fəaliyyət göstərir. Məktəbinin nəzdində Latın Amerikası, milli, Qafqaz və müasir, özəl rəqslər var. Uzun illər Azərbayan Dövlət Rəqs Ansamblında solist kimi çalışmışam. Milli rəqslər üzrə əməkdar artistəm. Artıq 2 ildir ki, təqaüdə çıxmışam. Bilirsiniz ki, rəqqaslar təqaüdə 60 yaşında deyil, 38-39 yaşlarında gedir.



- Hazırda həvəskarlar hansı rəqsləri öyrənmək istəyirlər?

- İndi ümumiyyətlə, rəqsə təlabat artıb. 5-6 il bundan öncə milli rəqslərə elə də tələbat yox idi, indi isə çox maraq var. Bizə gələnlərin əksəriyyəti adi insanlardır. İşdən və ya dərsdən sonra gəlib öz asudə vaxtlarını burada çox səmərəli keçirirlər. Rəqsin həm sağlamlığa xeyri var, həm də buradan bir mənəvi qida alırlar. İndi burada gördüyünüz adamların hər biri şirkətlərdə məsuliyyətli işlərdə çalışırlar, tələbələrin içində mühəndis, müəllim, menecer işləyənlər var.



- Latın Amerikasının hansı rəqslərini öyrədirsiniz?

- Latın Amerika rəqsləri iki növə bölünür: biri var bal rəqsləri, biri də var sosial rəqslər. Bu gün gördüyünüz ictimai, yəni sosial rəqs idi. Sosial rəqsin üstünlüyü ondan ibarətdir ki, bal rəqslərindən fərqli olaraq, bunu dünyanın hər bir yerinə - klublarda, tədbirlərdə sərbəst, hər bir insanla oynamaq olar. Bu, elə bir rəqsdir ki, onda sərbəstlik olmalıdır. Əvvəldən hazırlanmış fiqurlar olmur. Bunlar ümumi hərəkətlərdir ki, dünyanın hər bir yerində, hər bir məktəbində tədris olunur.

- İnsanın xarici görkəminə bu rəqslərin nə kimi təsiri var?



- Ümumiyyətlə, daim hərəkətdə olmaq sağlamlıq üçün xeyirlidir. Əgər onlar həftədə iki-üç dəfə gəlib iki saat rəqs edirlərsə, bu, xanımlara gözəl bədən quruluşu verir, oğlanlara isə qamətlərini düzgün saxlamağa imkan yaradır. İnsanların adi yerişlərinə belə təsir göstərir. Bir də görüsən ki, insanlar yeriyəndə ayaqlarını əyri atırlar, bellərində problem olur və s. Sonra həkimlərin göstərişi ilə bura gəlirlər. Həm mənəvi qida alırsan, həm də sağlamlığa xeyirli bir işdir.

- Latın Amerikası rəqslərini öyrənmək üçün bir həvəskarda nələrin olması vacibdir?



- Rəqsin növündən asılı olmayaraq, insanın musiqi duyumu olmalıdır. Musiqi duyumu da elə bir şeydir ki, onu süni surətdə yaratmaq olmur, təbiətin verdiyi bir nemətdir. İnsan var ki, anadangəlmə musiqi duyumu olmur. Belə insanlar çox azdır.
Elə adam da var ki, musiqi duyumu olur, sadəcə, daxilində gizlənir. Onu rəqs müəllimi tapıb, üzə çıxarmalıdır. Gələnlərin 99% -nin şükür allaha, musiqi duyumu var, müəllimlərin köməyilə inkişaf etdirirlər.
Duyumdan sonra isə insanın istəyi olmalıdır. Qarşısına hansısa bir müddətdə nailiyyət əldə etmək məqsədini qoymalıdır.

- Hər bir rəqs özlüyündə bir mənanı ifadə edir. Bəs Latın Amerikası rəqslərinin devizi nədir?

- Baçata, Salsa, Sosial Ça-Ça-Ça, Tanqo, Rueda, Kizomba və Zuk - bunlar hamısı Latın Amerikasının sosial rəqslərinə aitdir.
Ümumiyyətlə, bütün Latın Amerikası rəqslərinin kökündə ehtiras, istək , xanımla bəyin arasında olan münasibətlər durur.



Bunların hamısı rəqs prosesində üzə çıxır, görünür. Bu rəqsi dərk edib sevməlisən ki, məşğul ola biləsən.

Burada insanlarla gözəl ünsiyyət, münasibət qurmaq mümkündür. Özünüz təsəvvür edin, insan 8 saat ərzində işləyirsə, onda əsəbilik, gərginlik və yorğunluq əmələ gəlir. Onlar iki saat ərzində həm fiziki hərəkət edirlər, həm də mənəvi-psixoloji rahatlıq tapırlar. Hətta 8 saatın ağırlığı rəqs zamanı tamamilə gedir.

- Sizin məktəbdə tanış olub ailə həyatı quran cütlüklər olubmu?

- Bizdə artıq 20 cütlük burada tanış olub, ailə qurub. 21-ci cütlüyümüzün isə oktyabr ayında toyu olacaq. Burada insanlar münasibət də qura bilirlər, özlərinə həyat yoldaşı da tapa bilirlər. Çünki elə bir mühit yaranır ki, bir-birlərini tanıyırlar.

- Belə çıxır ki, insanlar bir- birlərini rəqslərinə görə də sevə bilirlər?



- Əlbəttə, daxili aləmi, hansı xarakterə məxsus olduğu rəqsindən bəlli olur. Rəqsi ilə həmin insanın psixoloji, mənəvi durumunu söyləmək mümkündür.

- Latın Amerikası rəqslərini öyrəndikdən sonra, həvəskarların bu rəqsi tətbiq etməsi üçün məkanlar varmı?



- Biz hər bazar günü Bakıdakı DALIDA DE-LUX klubunda axşam saat 7-dən 11-ə qədər parti keçiririk. Rəqslə məşğul olan insanların hamısı ora yığışırlar. 3-4 saat ərzində rəqs məktəblərində öyrəndiklərini ifa edirlər. Bura Bakının digər məktəblərinin tələbələri də qoşulur, birlikdə əsil şou göstərilir. Rəqs etməyi bacarmayanlar isə qonaq qismində iştirak edə bilərlər.

- Ehtiraslı rəqslərdən söz düşmüşkən, bir az da Tanqo haqqında danışaq...



- Tanqonun iki növü var. Əsas növü “Argentin tanqosu” adlanır. Bir də “Avropa Tanqosu” var, o, artıq bal rəqslərinə daxil olan növüdür. Bizdə isə Argentina tanqosu tədris olunur. “Argentin tanqosu” çox ehtiraslı, hissiyyatlı bir rəqsdir. Hətta bu yaxınlarda Argentinanın paytaxtında dünya çempionatı keçirildi. Hardasa 468 cütlük iştirak etdi.
Son vaxtlar Azərbaycanda “Argentin tanqosu” çox təbliğ olunur və insanlarda istək yaranır. Biz də onu nəzərə alaraq, qruplaşmışıq. Bu qrupa xanımlar və oğlanlar gəlir. Hətta yaşı 50-dan yuxarı olan insanlar da gəlir.

Tanqo Salsaya baxanda daha ehtiraslı, sosial, ekspromt oynanılan rəqsdir. Orada partnyorun xanımı idarə etməyi çox vacib rol oynayır. Kişi necə idarə edirsə, xanım da onun arxasınca elə idarə olunur. Burada kişi düzgün idarə etməsə, xanım da səhvə yol verəcək. Ona görə də kişi ifa səviyyəsində bir baş yuxarı olmalıdır.

- Gəlinlər və bəylər arasında tanqo oynayanlar varmı?



- Bəli, bunun üçün xanımlar toyda geyimlərini dəyişib, toyun hansısa hissəsində bir xatirə kimi o rəqsi ifa edirlər.

- “Çəkmələrimi geyinərsən, amma mənim kimi yeriyə bilməzsən” məsəli var... Argentinalıların çəkmələrini geyinirik, bəs onlar kimi tanqo oynaya bilirikmi?

- Əsas rəqsin ruhunu tutmaq lazımdır. Əlbəttə ki, bunlar peşəkar deyillər. Biz bunlardan peşəkar səviyyədə rəqs ifalarını da tələb etmirik. Elə xoreoqrafik quruluş veririk ki, bunlara rahat olsun. Rəqs edəndə gülməli görünməsin. Hərəkətləri sadələşdiririk. Bir də ki, insanların bacarığından asılıdır.

Hər dəfə gəlin və bəy gələndə onları yoxlayıram, bacarıqlarını, götürmə qabiliyyətini və musiqi duyumunu öyrənəndən sonra quruluş verirəm. Əgər onların bacarıqları yaxşıdırsa, yüksək götürmə qabiliyyətləri varsa, mən xoreoqrafik hərəkətləri çətinləşdirirəm. Mürəkkəb kombinasiya düzəldirəm. Görəndə ki, yox götürmə və musiqi duyma qabiliyyətləri zəifdir, o zaman hərəkətləri daha da asan edirəm. Öncə çalışırıq ki, o rəqsin ruhunu və ab-havasını verək.



Bizdə böyük bir kollektiv var, hər rəqs növünün öz müəllimi var. Məndə isə əsas milli, Qafqaz, Latın Amerika rəqsləridir.

Hətta biz 2014-cü ilin mart ayında Bakıda ilk dəfə olaraq “Bakı Novruz Salsa” festivalı keçirmişik. Bunun üçün bizə Mədəniyyət və Turizm Nazirliyi, Hunday Avto Azərbaycan şirkəti dəstək oldu. Dünyanın tanınmış müəllimlərini, rəqqaslarını Azərbaycana dəvət etdik ki, burada dərs keçib, rəqqasların səviyyəsini artırsınlar. Həmçinin, istəyirik ki, 2015-ci ildə də Azərbaycanda ikinci “Bakı Novruz Salsa” festivalı keçirilsin. Və dünyanın 15 dövlətindən bura oynayanlar dəvət edək.



- Özünüz necə, başqa ölkələrədə keçirilən festivallara qatılmısınızmı?

- Latın Amerika rəqsləri dedikdə orada Afrikanın da ritmləri var, dünyada bu rəqslər çox populyardır. Ona görə də bu rəqs növü ilə də festivallara gedirik.

Festivallara mən hakim kimi dəvət olunuram. Noyabr ayında Kiyev şəhərində beynəlxalq festival keçiriləcək, ora dəvət almışam. Festivalda həm ustad dərsi verəcəyəm, həm də hakimlik edəcəyəm. Biz planlaşdırırıq ki, bu ilin noyabr ayının axırında Azərbaycan çempionatını keçirək.



Azərbaycan Dövlət Neft Akademiyasının "Gənclik Rəqs Ansamblı" nın xeyli uğurları var. Artıq 4 ildir ki, ansamblımız universitetlər arasındakı yarışlarda birinci yeri tutur. Ansamblın bədii rəhbəri kimi bu məni çox sevindirir.
Elə bir səviyəyə gəlib çatmışıq ki, ansambl dünyanın bir neçə ölkəsinə dəvətlər alıb. Keçən il Cənubi Koreyada beynalxalq festival oldu. 54 ölkənin iştirakı ilə Azərbaycanı "Gənclik Rəqs Ansamblı" böyük bir tərkib ilə təmsil etdi. Konsertlər verdik, milli folklorumuzu göstərdik. Yüksək səviyyədə iştiraka görə mükafatlar da aldıq. Həmçinin, Brazilyaya səfərimiz olacaq. Bir neçə dövlətdən də təkliflər almışıq.



Şahanə RƏHİMLİ
Fotolar və Video: Nuron MƏMMƏDOV

Qalereya




Teqlər:  





Xəbər lenti