QMİ-dən Təzə Pir açıqlaması

QMİ-dən Təzə Pir açıqlaması
  12 Sentyabr 2014    Oxunub:1897
Bir müddət əvvəl mediada gedən məlumatlarda bildirilirdi ki, Təzə Pir məscidində ehsan süfrələri əvvəlki qaydada açılır, yas məclislərində israfçılığa qarşı ölkə boyu görülən tədbirlərə əməl edilmir.
AzVision.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Media forum” saytına açıqlamasında Təzə Pirdə keçirilən ehsan mərasimlərindən danışıb.

R.Dadaşova bildirib ki, Təzə Pir Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərsə də, məscidin zalları xidmət personalına icarəyə verilib: “Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri orada süfrə açmır. Xidmət göstərənlərə israfçılıq etməmək tövsiyələri verilib. İnsanlar sadə çay süfrəsi ilə razılaşmırlarsa, istəklərinə qarşı çıxa bilmərik. Çoxları açdığı ehsan süfrəsində konkret qidaların olmasını istəyir. Belə halda xidmət personalının ehsan yiyəsinin arzusunu həyata keçirməkdən başqa yolu qalmır, onları günahlandırmaq doğru deyil. Biz qadağa qurumu deyilik, sadəcə tövsiyə veririk”.

Rəhimə Dadaşova deyib ki, yas mərasimləri ilə bağlı tədbirlərə başlanandan Qafqaz Müsəlmanları İdarəsinin 2011-ci ildəki müraciəti bir daha qurumun saytında yerləşdirilib: “Biz bu çağırışlara üç il əvvəl başlamışıq. Sadəcə bu tövsiyələr bəzən insanların mentalitet, təfəkkür fərqlərindən asılı olaraq birmənalı qarşılanmır. Qafqaz Müsəlmanları İdarəsi hər zaman bəyan edib ki, israfçılığın, dəbdəbəli süfrələrin dinə heç bir aidiyyəti yoxdur. Rəhmətə gedənin ruhu qarşısında borc onu qüsullamaq, kəfənləmək, cənazə namazını qılmaq və dəfn etməkdir. Ehsan məsələlərinə gəlincə, sadə çay süfrəsi açmağı məqbul bilmişik. Qalan məsələləri isə islamla əlaqələndirməyin əleyhinə olmuşuq. Niyə görə təmtəraqlı ehsanı islamın adına yazırlar?

Adət-ənənə çox ətalətli sferadır. Burada onilliklərlə, yüzilliklərlə formalaşmış, oturuşmuş qayda-qanunlar var. Bu cür vəziyyəti birdən-birə islah etmək çətin olur. Yavaş-yavaş, şəxsi nümunə göstərməklə, din xadimlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, dövlətin münasibətini əsas gətirərək arzu olunan nəticələrə gəlib çıxacağıq. Son zamanlar aparılan islahatlardan sonra Təzə Pir məscidində də müsbətə doğru dəyişiklik var. Amma sadə ehsan qaydasına əməl etməyənlər də az deyil”.


Teqlər:  





Xəbər lenti